...

Türkiyənin ədliyyə naziri Bakıda məhkumlarla görüşüb

Cəmiyyət Materials 27 Sentyabr 2008 14:39 (UTC +04:00)
Türkiyənin ədliyyə naziri Bakıda məhkumlarla görüşüb

Azərbaycan, Bakı, 27 sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin şənbə günü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakıda yerləşən qadın və uşaq cəzaçəkmə müəssisəsində olub.

Trend -un məlumatına görə, türkiyəli nazir və rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə 4 saylı cəzaçəkmə müəssisəsinə (qadınların saxlandığı) baş çəkib, məhkumların saxlanma vəziyyəti, müəssisədəki şəraitlə tanış olub, orada cəza çəkən məhkumlarla görüşüb.

Türkiyənin ədliyyə nazirinin sentyabrın 25-də Azərbaycana başlayan rəsmi səfəri sentyabrın 27-dək davam edəcək.

2001-ci ildə Türkiyə ilə Azərbaycan Ədliyyə nazirlikləri arasında əməkdaşlıq protokolu, 2002-ci ildə їMülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqındaї müqavilə imzalanıb.

Qonaq müəssisədə saxlanılan iki türkiyəli məhkumla görüşüb, onların problemləri ilə maraqlanıb. Türkiyəli məhkumlar saxlanma şəraitlərindən, onlara olan münasibətdən razılıqlarını bildiriblər. Nazir müəssisədə fəaliyyət göstərən xalça sexi ilə tanış olub, qadın məhkumların əl işlərinə baxıb.

Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məhkumların toxuduğu xalçalardan nazirə hədiyyə edib. Türkiyəli qonağa məlumat verən Ələkbərov bildirib ki, bu müəssisədə 310 qadın məhkum saxlanılır və onlardan 75-i xalça sexində çalışır.

Sonra türkiyəli qonaq müəssisənin tibb sanitar hissəsi, ibadət otağı, gözəllik salonu, kitabxana və yeməkxanası ilə tanış olub. Bundan sonra türkiyəli nazir yetkinlik yaşına çatmayanların tərbiyyə müəssisəsində saxlanılan məhkumlarla görüşüb.

Görüşdə türkiyəli qonaqlara məlumat verilib ki, 44 yeniyetmənin saxlandığı müəssisənin uşaqlarından səkkizi ötən il test imtahanı ilə texnikumlara və kolleclərə daxil olub.

Həmin uşaqların daxil olduğu təhsil müəssisələrinin müəllimləri yeniyetmələrə onların saxlandığı müəssisədə dərs verir.

Türkiyəli nazir müəssisədəki məktəbə, kompyuter zalı və kluba da baş çəkib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti