Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qəbələ" klubu Futbol Akademiyasının inşası üçün İngiltərə şirkəti ilə müqavilə bağlayıb.
"İngiltərənin məşhur "Çelsi" klubu ilə də əməkdaşlıq edən şirkətlə müqavilə bağlamışıq. Qəbələdə inşa olunacaq Akademiyanın köməyi ilə uşaq futbolunu inkişaf etdirəcəyik",- çərşənbə axşamı Trend Xəbər Agentliyində keçirilən mətbuat konfransında "Qəbələ" klubunun vitse - prezidenti Fariz Nəcəfov deyib.
Klub rəsmisi bildirib ki, "Qəbələ"nin əsas məqsədi uşaq futbolunu inkişaf etdirməkdir.
"Azərbaycan Premyer -Liqasında azarkeşləri olmayan klublar var. Biz belə inkişaf istəmirik. Əsas məqsədimiz uşaq futboluna diqqət yetirməklə inkişaf etməkdir", - deyə vitse - prezident əlavə edib.
Hazırda hesabında 10 xal olan "Qəbələ" klubu Azərbaycan Premyer -Liqasında 14 komanda arasında 10 - cu yerdədir. Komandanın baş məşqçisi Ramiz Məmmədovdur.
Nəcəfov deyib ki, "Qəbələ" son vaxtlar çempionatda uğursuz çıxış etsə də, baş məşqçi istefaya göndərilməyəcək.
"Qəbələ"nin baş məşqçisi dəyişilməyəcək. Çempionat hələ təzə başlayıb. Komandamızın uğursuz çıxış etməsində zədəli futbolçuların sayının çox olmasının da rolu var".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]