Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Toyunda qardaşını qətlə yetirən Salyan rayon sakini 8 il azadlıqdan məhrum edilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə axşamı keçirilən prosesdə qardaşı Müşfiq Kərimovu öldürən Məmməd Kərimovun məhkəməsi başa çatıb.
O, bu ilin iyunun 7-də Salyan rayonunun mərkəzində yerləşən "Billur" şadlıq sarayında keçirilən toy mərasimində qardaşını bıçaqlayıb.
Hadisəyə səbəb Müşfiq Kərimovun sərxoş olub bəyi və onun xanımını təhqir etməsi olub.
Qardaşının hərəkətindən əsəbiləşən Məmməd Kərimov onu masanın üstündəki bıçaqla öldürüb. Həmin gün Salyan rayon polis şöbəsinə gedərək könüllü təslim olub. Məhkəməyə verdiyi ifadəsində Kərimov özünü təqsirli bilib və əməlindən peşiman olduğunu deyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]