...

Azərbaycanın Teleradio Şurası xarici radiostansiyaların yayımının dayandırılmasında israrlıdır

Cəmiyyət Materials 27 Noyabr 2008 15:29 (UTC +04:00)
Azərbaycanın Teleradio Şurası xarici radiostansiyaların yayımının dayandırılmasında israrlıdır

Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir A.Hüseynbala/ Milli Televiziya və Radio Şurası (MTRŞ) beynəlxalq təşkilatları Azərbaycanda xarici radiostansiyaların yayımının milli tezliklərdə dayandırılmasına siyasi məsələ kimi baxmamağa çağırıb.

"Beynəlxalq təşkilatlar və digər dövlətlər xarici radiostansiyaların yayımının dayandırılmaması üçün müzakirələri davam etdirməkdə maraqlıdır. Bütün bunlara baxmayaraq, biz öz mövqeyimizdə qalırıq", - cümə axşamı Trend -a MTRŞ sədri Nuşirəvan Məhərəmli bildirib.

Trend -ın arayışı: Milli Teleradio Şurasının sədri Məhərrəmli keçən ay deyib ki, 2009-cu ilin əvvəlindən xarici radiostansiyaların Azərbaycanda yayımı dayandırılacaq. Şura sədrinin sözlərinə görə, bu, Azərbaycan dövlətinin teleradio siyasəti sahəsində apardığı tədbirlərdən biridir. Xarici radiostansiyaların yayımının dayandırılıb-dayandırılmaması ilə bağlı qərar dekabrın ikinci yarısında veriləcək.

İndi Azərbaycanda "Amerikanın səsi", "Azadlıq", "BBC" radiolarının və Türkiyənin "TRT" kanalının verilişləri yayımlanır. Həmin radiolar və telekanalla bağlanan müqavilənin müddəti ilin sonunda başa çatır.

ABŞ Dövlət Departamenti, ATƏT, Avropa Şurası və xarici ölkələrin Azərbaycandakı səfirlikləri xarici radiostansiyaların yayımının dayandırılacağından narahatlıqlarını bildiriblər.

Onun sözlərinə görə, xarici radiostansiyaların Azərbaycanda yayımının dayandırılmasının siyasi, demokratiya məsələsi kimi təqdim edilməsi düzgün yanaşma deyil. "Avropa ölkələrinin özündə isə buna texniki məsələ kimi yanaşırlar. Azərbaycanda Avropa ölkələrindəki kimi standart vəziyyət olmadığından, verdiyimiz qərarlara münasibət də fərqlidir. Bu, sadəcə olaraq, hüquqi məsələdir, siyasətlə hər hansı bağlılığı yoxdur", - Məhərrəmli əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın qanunvericiliyndə xarici radiostansiyaların yayımı ilə bağlı məsələ yoxdur:

"Bizdən xarici radiostansiyaların yayımının dayandırılması məsələsinin məhz indi niyə gündəmə gətirildiyini soruşurlar. Məncə, əvvəlcədən həmin radiostansiyaların yayımına icazə verilməsəydi, indi problemlə üzləşməyəcəkdik", - MTRŞ sədri bildirib.

MTRŞ sədri deyib ki, xarici radiostansiyaların Azərbaycanda yayımının dayandırılmamasına ABŞ daha çox təkid edir.

"Düşünürəm ki, həmin radiostansiyaların yayımı uzansa belə, yenidən müzakirə mövzusu olacaq. O zaman yenidən məsələni söz və mətbuat azadlığına münasibət kimi qiymətləndirəcəklər. Ona görə məsələni birdəfəlik həll etməliyik", - Məhərrəmli vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti