...

İnsanın psixoloji müdafiə problemləri və ya Azərbaycanda intiharların səbəbləri - ARAŞDIRMA

Cəmiyyət Materials 13 Aprel 2009 10:51 (UTC +04:00)
İnsanın psixoloji müdafiə problemləri və ya Azərbaycanda intiharların səbəbləri - ARAŞDIRMA

Könül Zərbalıyeva - Trend -un icmalçısı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağı proqnozlaşdırılır. İntihar edənlərin təxminən bir faizi isə Azərbaycanın payına düşür.

ÜST-nin araşdırmalarına görə, İsveç, Macarıstan bu göstərici üzrə öndə gedən ölkələrdir.

Keçmiş sovet respublikalarından isə Litva, Rusiya, Latviya, Ukrayna fərqlənir.

ÜST intihar faktlarının baş verməsinə görə dünya ölkələrini üç qrupa ayırıb.

Birinci qrupa bir ildə əhalisinin hər 100 min nəfərindən 10-nun özünə qəsd etdiyi ölkələr (Yunanıstan, İtaliya, Qvatemala, Filippin) daxildir.

İkinci qrupa aid olan ölkələrdə hər il hər 100 min nəfərdən 10-20 nəfəri özünə qəsd edir. (Avstraliya və ABŞ).

Üçüncü qrup ölkələrdə əhalisinin hər 100 min nəfərindən 20-dən çoxu intihar edir (Latviya , Litva, Estoniya, Macarıstan və Rusiya).

Azərbaycanda son illər intiharların sayında artım müşahidə olunur. Respublikada intiharların statistikası aparılmadığından rəsmi qurumlardan bu barədə məlumat ala bilmədik.

Bu səbəbdən bu ilin ilk 3 ayında republikada baş verən intihar faktları ilə bağlı mətbuatda və

DİN-in rəsmi internet saytında yer alan məlumatlar əsasında Trend -un əməkdaşlarının hazırladığı statistikaya istinad etmək məcburiyyətindəyik.

Bu statistikaya görə, cari ilin 3 ayında respublikada 76 nəfər intihar edib. Onlardan 60-ı kişi, 16-sı qadındır.

İntihar faktları daha çox Bakıda (35 fakt), Sumqayıtda (8 ), Şəkidə (5), Gəncədə (3), Naxçıvanda (3), şimal bölgəsində (3) qeydə alınıb.

Qeydə alınan intiharların əksəriyyəti özünü asma yolu ilə həyata keçirilib. Özünə qəsd edənlərdən biri QİÇS-ə yoluxan qadın (Gəncədə), biri bankir (Şəkidə), biri isə keçmiş icra başçısı (Sumqayıtda) olub.

Bu ilin ilk 3 ayında respublikada 56 özünə sui-qəsd (intihara cəhd) hadisəsi qeydə alınıb.

Baş Prokurorluqdan bazar ertəsi Trend -a bildirilib ki, intihar faktları ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi başlansa da, istintaqın sonrakı mərhələsində cinayət tərkibi olmadığından, bu işlərin böyük əksəriyyəti xitam olunur.

Millət vəkili Məlahət Həsənova öncə parlamentdəki çıxışında ölkədə intiharların artması səbəbi kimi televiziya kanallarında nümayiş etdirilən kriminal verilişlər və bu mövzuda filmlərin yayımlanmasını qeyd edib və belə veriliş və filmlərə məhdudiyyət qoyulmasını istəyib.

Deputat bildirib ki, hüquq-mühafizə orqanlarının mütəxəssisləri yeniyetmələr və gənclər arasında intihar hallarının çoxalması məsələsini Milli Məclisdə qaldırılmasını ondan xahiş ediblər.

"Televiziya kanallarında gecə saatlarında kriminal verilişlərində ağır qətl hadisələrinin və cinayətkarlıq problemlərinin əks olunduğu filmlərin nümayiş etdirilməsinin böyük təsiri var. Mütəxəssislər bildiriblər ki, hətta sovet dövrlərində ağır qətl hadisələri heç zaman televiziyada işıqlandırılmırdı. Yetkinlik yaşında olanlar və gənclər həmin filmlərdəki qəhrəmanların əməllərini sınaqdan keçirərkən intihar halları baş verir", - deputat əlavə edib.

Hüquqşünas Əlövsət Əliyev mətbuatdakı çıxışlarının birində qeyd edib ki, Azərbaycanda qadınlar və yaxud da ailə başçıları arasında intihar hadisələrin çoxalması iqtisadi vəziyyətlə bağlıdır.

Hüquqşünasın sözlərinə görə, təhlillər göstərir ki, xüsusi ilə böyük miqdarda borcu olanlar, ailəsini dolandıra bilməyənlər intihara əl atırlar. "Hüquqların tapdalanmasından intihar hadisəsi baş verərsə, onda belə hallara görə özünü öldürmə həddinə çatdırma faktı ilə cinayət işi açılmalıdır", - Əliyev vurğulayıb.

O, Azərbaycanda baş verən bu hadisələrin ciddi araşdırma tələb etdiyi qənaətindədir.

Respublikanın baş psixiatoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya Kafedrasının müdiri Gəray Gəraybəyli intiharla bağlı məsələdə Azərbaycanı digər ölkələrdən ayırmağı düzgün hesab etmir.

Baş psixiator bazar ertəsi Trend -a müsahibəsində bildirib ki, intiharların bütün dünyada artması qabaqcadan proqnozlaşdırılmışdı.

"2000-ci ilin əvvəllərində Ümumdünya Psixiatriya Assosiasiyasının prezidenti məruzəsində qeyd edib ki, XXI əsr depressiya və intiharların artması ilə müşahidə olunacaq. 2000 və 2001-ci ilin analizi göstərdi ki, artıq bu proqnozlar özünü doğruldur. 2000-ci ildən bu yana dünya ölkələrində, o cümlədən Azərbaycanda da intiharlar artıb", - Gəraybəyli bildirib. Gəraybəyli intiharların dəqiq statistikasının aparılmasını mümkün saymır.

Suisid (intihar) hallarının iki qrupa - suisid və para suisidə bölündüyünü deyən baş psixiatorun sözlərinə görə, para suisid intihar haqda fikirlər, sözlər, intihara cəhdlərdir. Suisid isə artıq realizə olunmuş və ölümlə nəticələnən haldır. İntihar haqda fikirlərinin statistikasını aparmaq ümumiyyətlə mümkün deyil. İntihara cəhdlər də bəzən gizlədilir. İntihara cəhd edən şəxs xəstəxanaya düşərsə, ölüm faktı olarsa, statistikanı aparmaq mümkündür.

Gəraybəyli deyir ki, layihəsi hazırlanan "Əhalinin Psixi Sağlamlığı haqqında" Milli Strategiyada intiharlar və digər psixi xəstəliklərlə bağlı informasiyaların toplanması, onların statistikasının aparılması nəzərdə tutulub.

Epidimioloji tədqiqatların aparılması üçün statistikanın aparılmasını vacib sayan psixiator deyir ki, yaxın gələcəkdə Azərbaycanda da bu sahədə statistika aparılacaq.

Baş psixiator Macarıstan, Rusiya, İsveç, Skandinaviya ölkələri ilə müqayisədə Azərbaycanda intiharların az olduğunu bildirir. Onun sözlərinə görə, Azərbaycan, Qafqaz və Asiya ölkələri intiharların sayına görə, digər ölkələrdən hər zaman fərqlənib.

Gəraybəyli bu ölkələrdə intiharların az olma səbəbini din, ailə ənənələri, qohumluq münasibətləri ilə əlaqələndirir. Onun fikrincə, bu ölkələrin insanları daha istiqanlı, ünsiyyətcil, ailə üzvləri və yaxın ətrafına diqqətlidirlər.

"Kiminsə problemi olanda ona qayğı, diqqətlə yanaşılır, həmin şəxsə kömək edirlər. Bu isə intiharların profilaktikasında önəmli amildir", - Gəraybəyli deyib. İntiharın artmasını ümumi psixoloji əsəb gərginliyi ilə əlaqələndirən Gəraybəyli bildirib ki, elmi tərəqqi, məlumatların, işin çoxalması, insanların asudə vaxtının, yaxınlarla ünsiyyət üçün vaxtın az olması, gərginlik, maliyyə və sosial problemlərin artması intihara səbəb olur.

"Bu saydığım amillər insanın psixi fəaliyyətinə, psixologiyasına olan təzyiqin artması deməkdir.

Bu təzyiqə insan cavab reaksiyası verməlidir. Bu reaksiya kimdəsə yuxusuzluq, nevroz və s. şəkildə ola bilər. Bəzən isə bu, böhran səviyyəsinə çatır. O anda insan intihar etmək qərarına gəlir. İntiharın səbəbləri müxtəlifdir. Yaşla bağlı spesifikası var. Gənclər arasında qeydə alınan intiharların səbəbləri yaşlı insanlardan fərqlənir. Əgər 18-20 yaşlı insanlar arasında intiharlar əsasən sevgi məsələləri ilə bağlı olursa, yaşlı insanlarda ağır xəstəliklə, yaxın insanın ölümü, işini itirmək və s. ilə bağlıdır", - baş psixiator vurğulayıb.

Psixoloqlar son 5-6 ayda dünyada baş verən intiharların böyük əksəriyyətinin maliyyə böhranı ilə əlaqəli olduğunu iddia etsə də, respublikanın baş psixiatoru xəstələri arasında Azərbaycanda bu səbəbdən intihara üz tutanlara rast gəlmədiyini deyir.

Son zamanlar hərbçilər arasında intiharların sayı nəzərəçarpacaq dərəcədə artıb.

Ekspertlər hesab edirlər ki, orduda intiharlara "dedovşina" hadisələri, nizamnamədənkənar hərəkətlər, rüşvətxorluq, zorakılıq, təhqir olunma, alçaldılma və s. səbəb olur. Gəraybəyli bu amili istisna etməsə də, bu fikirlə də tam razı deyil.

Onun sözlərinə görə, orduda "dedovşina" hər zaman, hətta Sovet ordusunda da olub və bununla mübarizə aparılır.

"Psixologiyada psixoloji müdafiə anlayışı var. İnsanın psixoloji müdafiəsi onun yaşadığı mühitdə, aldığı tərbiyə əsasında formalaşır. Bizim indiki cavanlara münasibətimiz fərqlidir, onları əzizləyirik, ərköyünləşdiririk, problemlərdən uzaq tutmağa çalışırıq. Bunun nəticəsində onların psixoloji müdafiəsi zəifləyir. Heç bir çətinlik görməyən, istəkləri dərhal yerinə yetirilən 18 yaşlı gənc hərbinin qayda-qanunlarına rahatlıqla alışa bilmir. Bu çətinliklərə dözmür. Onun psixoloji müdafiəsi böhran vəziyyətə düşür və nəticələrdən biri də intihar olur", - deyə psixiatr vurğulayıb.

Gəraybəyli intiharların qarşısını almaq üçün profilaktik tədbirlərin yalnız 25 faizinin psixoloq, psixiatrların üzərinə düşdüyünü deyir. İntiharların daha çox cavan və orta yaşlarında insanlar arasında qeydə alındığını deyən psixiatorun fikrincə, intihar haqqında fikirləşən, depressiyaya düşən şəxslərə ailəsi, ətrafı, doğmaları diqqətlə yanaşmalıdır.

"Heç bir intihar haqda qərar ani verilmir. İntihara uzun yol gətirir. Son illər insanların yaxınları, doğmaları ilə ünsiyyəti getdikcə məhdudlaşır, xüsusilə böyük şəhərlərdə. İnsanlar özünə qapanır. Ailəsində, yaxınlarında gedən proseslərdən, problemlərdən xəbər tuta bilmir. Hansısa problem onu narahat edir, çıxış yolu tapa bilmir və intihar edir. Belə şəxslər psixoloji məsləhətxanalara, psixoloq, psixiatorlara müraciət etməlidir. Amma bizdə insanlar onlara müraciət etməyə maraqlı deyillər, ehtiyat edirlər", - baş psixiator deyib.

Baş psixiator bildirib ki, insan depressiyadan, intihar haqqda fikirlərdən uzaq olmaq üçün fəaliyyətini də dəyişməlidir. Mütəmadi zehni işlə məşğul olan şəxslər idmana, fiziki işlərə vaxt ayırmalıdır. Gəraybəyli Tibb Universitetinin Psixiatriya Kafedrasında intiharla bağlı 3 tədqiqatın planlaşdırıldığını və onlardan birinin doktorluq, iksinin namizədlik dissertasiyası kimi nəzərdə tutulduğunu bildirib.

Tədqiqatlar sağlam və psixi xəstələrdə intiharın səbəbləri və Bakı şəhərində intiharların epidemiologiyası ilə bağlı olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti