Fransa Parlamentinin deputatları ölkədə çadranın geyinilməsinə qadağa qoyulmasına dair məruzəyə baxmaq niyyətindədirlər. Al Arabiya saytı xəbər verib.
Hazırda 32 deputatdan ibarət komitə 2004-cü ildə qəbul edilən və şagirdlərin dövlət məktəblərində, kolleclərdə və ya Fransa liseylərində açıq-aydın öz dini mənsubiyyətlərini göstərən nişan və geyimlər geyinmələrinə qadağa qoyan köhnə qanunun nəzərə alınması ilə yeni qanunun qəbul edilməsinə dair məruzə üzərində işləyir.
Fransa Prezidenti Nikolya Sarkozi çadranı "itaət və qadınların qul olması simvolu" hesab edir.
İki ay öncə Fransa Parlamentinin 60 deputatı öz üzlərini qara örpəklə örtən qadınlarla bağlı lazımi informasiyanın toplanması üzrə komissiyanın yaradılmasını tələb edib. Fransanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkədə 367 qadın çadra geyinir.
Fransanın müsəlman icmalarının nümayəndələri çadranın geyinilməsinə qadağa qoyulması tələbini özünü demokratik elan edən ölkədə "insan hüquqlarının pozulması" adlandırıb. Al Arabiya xəbər verir.