Azərbaycan Ali Məhkəməsinin qərarını Türkiyə vətəndaşının xeyrinə saxtalaşdıran şəxs həbs olunub

Cəmiyyət Materials 8 Sentyabr 2009 16:22 (UTC +04:00)
Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev çərşənbə axşamı Trend News-a bildirib ki, bir müddət əvvəl insan ölümü ilə nəticələnmiş avtoqəzada ittiham olunan Türkiyə vətəndaşı ilə bağlı qəbul edilən qərar həmin şəxs tərəfindən saxtalaşdırılıb və onun cəzası 8 ildən 3 ilə endirilib.
Azərbaycan Ali Məhkəməsinin qərarını Türkiyə vətəndaşının xeyrinə saxtalaşdıran şəxs həbs olunub

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Ali Məhkəməsinin qərarını Türkiyə vətəndaşının xeyrinə saxtalaşdıran şəxs həbs olunub.

Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev çərşənbə axşamı Trend -a bildirib ki, bir müddət əvvəl insan ölümü ilə nəticələnmiş avtoqəzada ittiham olunan Türkiyə vətəndaşı ilə bağlı qəbul edilən qərar həmin şəxs tərəfindən saxtalaşdırılıb və onun cəzası 8 ildən 3 ilə endirilib.

Mirzəliyevin sözlərinə görə, Ali Məhkəmənin hakimi Oqtay Maqsudovun sədrliyi ilə keçirilən prosesdə Türkiyə vətəndaşı barəsində Gəncə Apellyasiya Məhkəməsinin 8 il azadlıqdan məhrumetmə ilə bağlı qərarı qüvvədə saxlanılıb.

Ali Məhkəmənin hakimi bildirib ki, qərar məhkumun cəza çəkdiyi müəssisəyə göndərildikdən sonra müəssisə rəhbərliyi ağır cinayət törətmiş şəxsin cəzasının 3 ilə endirilməsi barədə məhkəmə qərarından şübhələnib və bu barədə Ali Məhkəməyə müraciət edib.

Məlum fakt araşdırılandan sonra qərarın saxta olduğu aşkarlanıb və qərarı saxtalaşdıran şəxs saxlanılıb. Həmin şəxs cinayətini etiraf edib və Ali Məhkəmənin qərarını texniki vasitələrlə saxtalaşdırdığını boynuna alıb.

Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Həbs edilən şəxsin kimliyi açıqlanmır.

Mirzəliyevin sözlərinə görə, saxtalaşdırılan sənədlə heç kim azadlığa buraxılmayıb.

Ali Məhkəmənin hakimi saxlanılan şəxsin əvvəllər hüquq sistemində işlədiyini, cinayəti törədiyi vaxt vəkilllik fəaliyyəti ilə məşğul olduğunu bildirib.

Vəkillər Kollegiyasından isə Trend -a bildirilib ki, qərarı saxtalaşdıran şəxs vəkil olmayıb. Məlumata görə, qərarı saxtalaşdıran şəxs qərarın surətini vəkildən götürüb.

Kollegiyadan vəkilin kimliyi barədə məlumat verilməyib.

Məlumatlı mənbə isə Trend -a bildirib ki, vəkil Ülvi İsmayılovdan Türkiyə vətəndaşını müdafiə etmək və onun cəzasının azaldılmasına nail olmaq xahiş olunub.

Vəkil işlə tanışlıqdan sonra həmin şəxsin 6 nəfərin ölümünə səbəb olan avtoqəza törətdiyini və onun cəzasının azaldılmasının qeyri-mümkün olduğunu əsas gətirərək onun müdafiəsindən imtina edib.

Belə olan halda, qarşı tərəf qərarın surətini vəkildən götürüb və onu saxtalaşdırıb, qərarda vəkilin də adı qeyd olunub.

Həmin saxta qərarla Türkiyə vətəndaşı azadlığa buraxılıb. Lakin həmin Türkiyə vətəndaşı başqa bir cinayətə görə məhkum olunub və araşdırmalar zamanı onun qanunsuz azad olunması müəyyən edilib.

Mənbənin məlumatına görə, adı işdə keçən vəkilin fəaliyyəti yoxlanılır. Həmçinin qərarı vəkilə verən Ali Məhkəmənin əməkdaşı da tutduğu vəzifədən azad edilib.

Ali Məhkəmənin mətbuat xidmətindən isə qurumun işçisinin işdən azad olunduğu barədə məlumat almaq mümkün olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti