Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycanın təhsil naziri ölkənin təhsil müəssisələrinin "III Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi"ndə iştirak səviyyəsindən razı deyil.
"Təəssüf ki, bütün dövlət təhsil müəssisələri sərgidə təmsil olunmayacaq. Hesab edirəm ki, ənənəvi sərginin əhatə dairəsi ildən-ilə daha da genişlənəcək", - çərşənbə günü Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində beynəlxalq sərgi ilə bağlı keçirilən mətbuat konfransında təhsil naziri Misir Mərdanov bildirib.
Nazirin sözlərinə görə, "III Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi" ölkədə təhsilə olan diqqət və marağın göstəricisidir.
Bakıda 10-12 sentyabr tarixində Heydər Əliyev adına İdman və Sərgi Kompleksində "III Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi" keçiriləcək. Sərgidə 12 ölkədən 53 şirkət iştirak edəcək. Ötən illə müqayisədə sərginin əhatə dairəsi 25 faiz, ekspazisiya sahəsi 30 faiz artıb.
"III Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi"nin meneceri Xəyal Əliyeva bildirib ki, builki sərgi əvvəlki sərgilərdən fərqlənəcək. "Sərgidə iştirak edəcək şirkətlərin 50 faizini yerli şirkətlər təşkil edir. Sərgidə xaricdə təhsil almış tələbələrin işlə təmin olunması proqramı, orta məktəblər üçün geyim formaları təqdim olunacaq, əyləncəli və intellektual proqramlar, xeyirxah aksiya təşkil olunacaq", - Əliyeva deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]