...

Həcc titul yox, ibadətdir - Trend News-un icmalçısı

Cəmiyyət Materials 16 Noyabr 2009 11:44 (UTC +04:00)
İslamda mövcud bütün ibadətlər kimi, həcc ibadəti də dərin hikmət və fəzilətləri əhatə edir.
Həcc titul yox, ibadətdir - Trend News-un icmalçısı

Rufiz Hafizoğlu Trend - un Yaxın Şərq redaksiyasının rəhbəri

İslamda mövcud bütün ibadətlər kimi, həcc ibadəti də dərin hikmət və fəzilətləri əhatə edir. Həcc yolçuluğuna çıxan şəxs həcc ibadətinin zahiri, eyni zamanda onun necə yerinə yetirilməsi haqda fiqh kitablarından yetərincə məlumat ala bilər. Lakin bu ibadətin mənəvi yöndən nə anlama gəldiyini dərk etmək heç də hər zəvvara, hacıya nəsib olmur.

Əslində, həcc səfərinə çıxan zəvvar ilk əvvəl həccin nə anlama gəldiyini bilməli və bu ibadətin sadəcə hacı titulu almaq üçün edilmədiyini dərk etməlidir. Lakin təəssüflər olsun ki, müasir həyatımızda bəzi zəvvarlar həccin mənəvi tərəfini dərk etmədən sadəcə olaraq, həcc titulunun qazanılması üçün bu yolçuluğa başlayırlar.

Əslində isə, unudulan bir həqiqət var. İslamda görülən ibadətlərə görə heç bir rəsmi ad və ya rəsmi titul verilmir və edilən ibadət həmin şəxsi digər müsəlmanlardan üstün və fərqli etmir. Hər hansı bir ibadətin, o cümlədən həcc ibadətinin kökündə digərlərindən riyakarcasına fərqlənmək durursa, o ibadətin saflığından danışmaq qeyri-mümkündür.

İslama görə, həcc titul yox, hər şeydən əvvəl fərdin Allaha yaxınlaşması deməkdir və bu ibadət islamın əsas təməl prinsiplərindən biridir.

Həcc ibadətini İslamda olan bütün ibadətlərdən fərqləndirən bir çox xüsusiyyətlər var. Bu xüsusiyyətlərdən biri də, dilindən, milliyyətindən, dərisinin rəngindən, cəmiyyətdə tutduğu mövqedən, vəzifəsindən və cinsiyyətindən asılı olmayaraq, hamının bir yerdə Məkkədə Kəəbə ətrafında toplaşmasıdır.

Həcc İslamda olan dörd haram aylardan biri hesab edilən Zilhiccə ayında görülən böyük və ibrətamiz ibadət və bir dərsdir. Bu dərsdən alınan ibrətləri sadəcə həcc ərəfəsində deyil, həcdən sonra da tətbiq etmək lazımdır.

Bəs görəsən bu gün zəvvarlar həccə tam olaraq hazırdırlarmı, həccin mahiyyətini anlayırlarmı?

Suala cavab olaraq isə bunu söyləmək olar ki, bir çox hallarda həcc yolçuluğuna çıxanlar bu yolçuluq haqda demək olar ki, ilkin məlumatlara belə malik olmurlar. Əldə etdikləri bilgilər isə sadəcə, daha əvvəl həccdə olmuş tanışlardan eşitdikləri və bildiklərindən ibarət olur.

Zəvvarların həcc ziyarəti haqda az və ya heç bir bilgiyə sahib olmamağı isə, sonda bu ibadətin doğru bir şəkildə yerinə yetirilməməsi və zəvvarın həyatının təhlükə ilə üzləşməsi ilə nəticələnir.

Ən acınacaqlısı isə, zəvvarın həccdən döndüyü zaman etdiyi ibadətlərdən heç bir mənəvi zövq almamasına gətirib çıxarır. Bəs görəsən bu problemin qarşısı necə alınmalıdır, zəvvarlar həcc səfərindən maksimum faydalanmaları üçün nə kimi addımlar atılmalıdırlar? Əslində, bir çox müsəlman ölkələrində həcc ziyarəti öncəsi zəvvarlara həcc ibadəti, onun rüknləri, təvaf zamanı yaşanıla biləcək problemlərdən qaçınmaq üçün və digər problemlərlə üzləşməmək üçün xüsusi kurslar keçirilir. Lakin təəssüf olsun ki, bir çox ölkələrdə zəvvarlara bu kursların keçirilməsinə ehtiyac görülmür və təlim kursları keçirilsə belə, zəvvarlar din xadimlərinə inamsızlıqlarından dolayı bu kurslarda iştirak etmirlər.

Bu problem hər nə qədər zəvvarlara aid olsa da, din xadimlərinin də bu problemin davam etməsində "rolu" var. Din xadimlərinin ən böyük problemlərindən biri isə bu gün onların özlərini cəmiyyətdən tam olaraq təcrid etmələridir.

Ən acınacaqlısı isə bəzi din xadimlərinin Qurani-Kərimi bütün cəmiyyətin başa düşə bilməyəcəyi haqda, sağlam məntiqə əsaslanmayan fikirlər söyləməsidir.

Əslində isə, heç də belə deyil, Qurani-Kərim müxtəlif cəmiyyətlərdə bəzi təbəqələrə deyil, bütün bəşəriyyətə xitab edən, keçmiş toplumları əhatə edən, müasir toplumu isə gələcəyə aparan bir kitabdır.

Unutmamaq lazımdır ki, Quranı başa düşmək, onunla yaşamaq üçün din xadimi və ya xüsusi savada malik olmaq vacib deyil.

İslamda həcc ibadətini digər ibadətlərdən fəqrli edən xüsusiyyətlərdən biri də, bu ibadətin yetirildiyi Zilhiccə ayının son on gecəsinə Quranda işarət edilməsidir. Qurani-Kərimdə bu haqda belə buyurulur: "And olsun on gecəyə".

Peyğəmbər isə bir hədisində belə buyurmuşdur: "Elə bir gün yoxdur ki, saleh əməllər Allaha Ziihiccənin ilk on günündəki kimi daha sevimli olsun".

Fərqləndirici xüsusiyyətlərdən biri də məhz bu ayda Ərəfa gününün olmasıdır ki, peygəmbərin hədislərində də bü günün fəziləti haqda danışılmışdır. Ərəfə gününü digər günlərdən üstün və fəzilətli edən əlamətlər isə bunlardır: "Ərəfə günü Allahın cəhənnəmdən ən çox insan azad etdiyi, Allahın yer əhli ilə göy əhli qarşısında fəxr etdiyi, şeytanın ən çox alçaldığı və qəzəbləndiyi, həcc mərasiminin zirvə nöqtəsinə çatdığı, bugündə edilən duaların digər dualardan daha üstün olduğu gündür".

Qurbanların kəsilməsi ilə Həcc ibadəti sona çatır və bayram qeyd edilir. Bəzən İslam haqda dərin məlumata sahib olmayanlar İslamın insanın sevinməsini qadağan etdiyini və bayramlara qadağa qoyduğunu söyləyirlər. İslam və ümumiyyətlə səmavi dinlər insan həyatanı çətinləşdirmək üçün deyil, asanlaşdlrmaq üçündür. İslamda iki böyük bayram olan Ramazan və Qurban bayramı ilə yanaşı, hər bir müsəlmanın həftədə bir dəfə qeyd etdiyi bir bayram da var. Bu bayram həftənin cümə günüdür ki, hər bir müsəlman bu günü bayram kimi qeyd etməlidir. Cümə gününün bayram kimi qeyd edilməsi haqda peyğəmbərin hədislərində də rast gəlmək olar.

Həcc heç də hamıya nəsib olmayan, lakin hər bir müsəlmanın arsuzudur. Hər bir zəvvar isə Allahın evini - Kəbəni ziyarət etdiyi üçün Allahın qonağı hesab edilir. Bu qonaqlıqdan isə hacı titulu üçün deyil, ibadət üçün faydalanmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti