...

Ombudsman Azərbaycanda həbsdə olan baş redaktorun xəstəxanaya köçürülməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib

Cəmiyyət Materials 14 Dekabr 2009 17:59 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən bazar ertəsi Trend News-a verilən məlumata görə, ombudsmanın nümayəndələri 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşüb.
Ombudsman Azərbaycanda həbsdə olan baş redaktorun xəstəxanaya köçürülməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Ombudsman Azərbaycanda həbsdə olan baş redaktorun xəstəxanaya köçürülməsi üçün müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, ombudsmanın nümayəndələri 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidlə görüşüb. Zahid səhhətində yaranmış problemlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsində ombudsmanın ona yardımçı olmasını xahiş edib.

Ombudsman Elmira Süleymanova Zahidin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı Ədliyyə Nazirliyinin Baş Səhiyyə İdarəsinə müraciət edib.

Baş redaktor saxlanma şəraitindən, müəssisə əməkdaşları tərəfindən ona qarşı rəftardan şikayətinin olmadığını, ailə üzvləri və vəkili ilə müntəzəm görüşdüyünü bildirib.

Zahid 2007-ci il ilin noyabrında həbs olunub. 2008-ci ilin martında isə xuliqanlıqda təqsirləndirilərək, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Baş redaktor həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Aparatın əməkdaşları 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovla da görüşüb, onun vəziyyətinin müvəkkilin daim nəzarətində olduğunu bildiriblər.

Hüseynov buradakı şəraitdən və onunla rəftardan narazı olmadığını deyib. O, müalicəsinin müsbətə doğru davam etdiyini, son rentgen müayinələrinə əsasən irəliləyiş olduğunu bildirib.

Hüseynov əfv olunması ilə əlaqədar müvafiq vəsatət qaldırılması üçün yaxın vaxtlarda ombudsmana müraciət edəcəyini bildirib.

Hüseynov 2007-ci il iyulun 24-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. 2008-ci il yanvarın 21-də Ağır Cinayətlər üzrə Məhkəmənin hökmü ilə iki il müddətinə jurnalist fəaliyyəti göstərmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi onun cəzasını beş ilə endirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti