...

Azərbaycanın KM və AM-nin sədrləri Avropa İnsan Hüquqları Məhkəməsinin sədri ilə görüşüb

Cəmiyyət Materials 29 Yanvar 2010 02:48 (UTC +04:00)

Fransa, Strasburq, 28 yanvar/ Trend , müxbir A.Məhərrəmli/

Yanvarın 28-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayev və Ali Məhkəmənin (AM) sədri Ramiz Rzayev Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yeni açılış ili ilə bağlı keçiriləcək ənənəvi tədbirdə iştirak etmək üüçün Strasburqa səfərləri çərçivəsində bu gün  AİHM-nin sədri Jan-Pol Kosta (Jean-Paul Costa)ilə görüşüb. Bu barədə Trend -a  cümə axşamı Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, görüş zamanı qarşılıqlı maraqları kəsb edən bəzi məsələlər müzakirə olunub. Əsasən, Azərbaycan Respublikası ilə Məhkəmə arasındakı qarşılıqlı əlaqələr, Azərbaycanda AİHM-nin qərarlarının yerinə yetirilməsi, onun təcrübə kimi azərbaycanlı hakimlər tərəfindən istifadə edilməsi məsələləri müzakirə olunub.

"Görüşdə AM-nin sədri  rəhbərlik qurumda hər çərşənbə axşamı  AİHM-nin çıxardığı qərarların,  İnsan hüquqları üzrə Avropa  Konvensiyasının müddəlarının müzakirəsi, eləcə də Azərbaycan məhkəmələri tərəfindən çıxarılan qərarlarla AİHM-nin  çıxardığı qərarların müqayisəsi  ilə bağlı həyata keçirilən yeni təşəbbüs barədə məlumat verib. Bu təşəbbüs AİHM-nin sədri an-Pol Kosta tərəfindən yüksək qiymətləndirilib. Deməli, AM-nin hakimləri artıq AİHM-nin qərarlarına presedent hüququ kimi yanaşır. Eyni zamanda, Azərbaycanda bəzi qanunların İnsan Hüquqlarına dair Avropa Konvensiyasına uyğunlaşdırılması məsələsi də müzakirə olunub. Ümumilikdə, həm KM tərəfindən, həm AM tərəfindən  AİHM ilə  qarşılıqlı əlaqələrin səviyyəsindən yüksək razılıq hissi ifadə edilib  "-məlumatda bildirilir.

Bundan əlavə, səfər çərçivəsində yaxın zamanlarda AİHM-nin təkmilləşdirilməsini nəzərdə tutan İsveçrənin İnterlaken şəhərində keçiriləcək konfransda müzakirə edilib. Konfransda Azərbaycandan yüksək vəzifəli şəxslərin iştirak edəcəkləri diqqətə çatdırılıb.

Məlumatda, Azərbaycandan həm KM-nin, həm də AM  sədrlərinin bu tədbirdə iştirak etməsi Azərbaycanın AİHM ilə əməkdaşlığa verdiyi önəmin təcəssümü kimi qiymətləndirilməsi  qeyd olunur.

Qeyd edək ki, Azərbaycanın KM və AM-nin sədrləri  Avropa İnsan Hüquqları Məhkəməsinin yeni açılış ili ilə bağlı keçiriləcək ənənəvi tədbirdə iştirak etmək məqsədilə 27 yanvar  2010-cu il tarixində Strasburqa səfər edib.

Xəbər lenti

Xəbər lenti