Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanda qılıncoynatma üzrə Dünya Çempionatının keçirilməsi ölkədə qılıncoynatma idmanının yeni tarixinin başlanğıcı olacaq. Bunu cümə axşamı Bakıda jurnalistlərə Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanov deyib.
Aprelin 2-10-da Bakıda keçiriləcək gənclər və yeniyetmələr arasında qılıncoynatma üzrə Dünya Çempionatında 87 ölkədən 1565 idmançının iştirakı gözlənilir.
Onun sözlərinə görə, dünyanın Azərbaycan kimi tarixi nöqtəsində qılınca sahib olmağın kişilər üçün böyük hünər sayıldığı bir yerdə onu dirçəltmək lazımdır.
Usmanov ümidvar olduğunu bildirib ki, Azərbaycan Federasiyası yenidən qılıncoynatma üzrə dünyanın liderləri sırasında daxil olacaq. Belə ki, əvvəllər Azərbaycan idmançıları dünya və olimpiada çempionları olublar. "Zənnimcə, 21-ci əsrdə bu ənənəni dirçəltmək lazımdır", - Usmanov deyib.
Ermənistan Azərbaycan ilə Dağlıq Qarabağ ətrafında münaqişəyə görə çempionatda iştirak etməyəcək. "İdman insanları birləşdirir və hər bir ölkə belə nüfuzlu çempionatlarda iştirak etməlidir". - Federasiyanın prezidenti erməni idmançıların Bakıda Dünya Çempionatında iştirak etməyəcəyini şərh edərkən bildirib.
Çempionatın rəsmi açılışı aprelin 2-də saat 18:00-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində olacaq. İlk üç gündə yeniyetmələr, sonrakı üç gündə gənclər yarışacaqlar. Bundan sonra komanda yarışları keçiriləcək.