...

Azərbaycanın Teleradio Şurasının sədri boş tezliklərin verilməməsi ilə bağlı iradları əsassız sayır

Cəmiyyət Materials 6 Aprel 2010 11:19 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurasının rəhbəri hesab edir ki, radio və televiziya yayımı ilə bağlı yararlı olan boş tezliklərlə bağlı iradların heç bir əsası yoxdur.
Azərbaycanın Teleradio Şurasının sədri boş tezliklərin verilməməsi ilə bağlı iradları əsassız sayır

Azərbaycan, Bakı, 06 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Milli Televiziya və Radio Şurasının rəhbəri hesab edir ki, radio və televiziya yayımı ilə bağlı yararlı olan boş tezliklərlə bağlı iradların heç bir əsası yoxdur.

"Bizdə boş tezliklər kifayət qədərdir və onların siyahısını dərc edib-etməməyin heç bir mənası yoxdur", - çərşənbə axşamı Trend-ə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir.

Media Hüququ İnstitutu bu günlərdə Azərbaycanda medianın hüquqi durumu ilə bağlı hesabat açıqlayıb.

Hesabatda qeyd edilir ki, Milli Televiziya və Radio Şurası radio və televiziya yayımı üçün yararlı olan onlarca boş tezliklər üzrə müsabiqələr keçirmək vəzifəsini yerinə yetirməyə yönəlik addım atmır, fəaliyyət göstərdiyi 7 il ərzində bir dəfə belə tezliklər siyahısını dərc etməyib.

Məhərrəmlinin sözlərinə görə, rəqəmsal yayıma keçəndən sonra, tezliklərin sayı daha da artacaq.

"Biz kifayət qədər yeni televiziya kanalı açmağa malikik. Amma Azərbaycan kimi ölkədə reklam bazarı, kadr potensialı və digər amillər nəzərə alınmaqla televiziya kanallarının sayının artırılması məsələsinə baxıla bilər", - Şura sədri əlavə edib.

Onun fikrincə, hazırkı dövrdə Azərbaycan kimi dövlət üçün 8 ümumrespublika üzrə yayımı olan kanalın fəaliyyət göstərməsi çox böyük göstəricidir.

"Biz kəmiyyət xatirinə telekanalların sayını artıra bilmərik. Bizim indi əsas vəzifəmiz mövcud telekanallardakı verilişlərin keyfiyyətini artırmaq barədə düşünmək olmalıdır", - o vurğulayıb.

Məhərrəmli deyib ki, yeni telekanal açıb keyfiyyətsiz verilişlərin sayının artırılmasına heç bir ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti