...

Azərbaycanın gənclərdən ibarət boks üzrə yığmasının Dünya Çempionatında iştirak edəcək heyət tam müəyyənləşib

Cəmiyyət Materials 8 Aprel 2010 11:00 (UTC +04:00)
Azərbaycanın gənclərdən ibarət boks üzrə yığmasının Bakıda keçiriləcək Dünya Çempionatında iştirak edəcək heyət tam müəyyənləşib.
Azərbaycanın gənclərdən ibarət boks üzrə yığmasının Dünya Çempionatında iştirak edəcək heyət tam müəyyənləşib

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın gənclərdən ibarət boks üzrə yığmasının Bakıda keçiriləcək Dünya Çempionatında iştirak edəcək heyət tam müəyyənləşib.

Boks Federasiyasından cümə axşamı Trend-ə bildiriblər ki, yarışlarda iştirak üçün dünyanın 109 ölkəsindən 552 boksçu qeydiyyatdan keçib. Azərbaycan boksunun şərəfini bütün çəki dərəcələrində 11 idmançı qoruyacaq.

Yarışda Azərbaycanı Salman Əlizadə (48 kq, "Neftçi" İdman-Sağlamlıq Mərkəzi), Şaban Şahpələngov (51 kq, "Qızıl əlcəklər" idman klubu), Elnur Zeynalov (54 kq, "Rabitə" idman klubu, Bakı), Elvin İsayev (57 kq, "Rabitə" İK, Gəncə), Coşğun Əliyev (60 kq, "Rabitə" İK, Şəmkir), Tamerlan Abdullayev (64 kq, İK "Rabitə", Bakı), Emil Əhmədov (69 kq, "Neftçi" İSM), Vətən Hüseynli (75 kq, "Rabitə" İK, Bakı), Teymur Məmmədov (81 kq, "Rabitə" İK, Bakı), Hacıbaba Hacıbabayev (91 kq, "Rabitə" İK, Bakı) və Fərqan Ömərov (91 kq-dan yuxarı, "Neftçi" İSM) təmsil edəcək.

Yarışların reqlamentində təvəllüd illəri dəqiqləşdirilir. Yəni bu,17-18 yaş arasında - 1992-ci il yanvarın 1-dən 1993-cü il dekabrın 31-dək məhdudlaşır. Çempionat 18 yaşlı gənclər üçün yüksək səviyyədə keçirilən ilk sınaqlardan biri olacaq.

Dünya Çempionatı AİBA texniki və yarış qaydalarına müvafiq olaraq keçiriləcək. Dopinq nəzarəti AİBA-nın tibb komissiyasının və dünya antidopinq kodunun alt komissiyasının müşahidəsi altında AİBA-nın və antidopinq kodunun qaydalarına müvafiq olacaq.

Yarımfinal və final görüşləri bütün iştirakçı ölkələrdə birbaşa yayımlanacaq. Çempionatın yekunlarına görə, Sinqapur Olimpiadasına getmək üçün 44 lisenziyanın sahibi müəyyən olunacaq.

Gənclər arasında boks üzrə 16-cı Dünya Çempionatı aprelin 20-dən mayın 2-dək "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək.

Çempionat ərəfəsində birgə hazırlığın yekun mərhələsi olacaq. Azərbaycan komandası ilə Almaniya, İrlandiya, Kuba və Ukrayna yığmaları qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti