Azərbaycan, Bakı, 26 aprel /Trend, muxbir M.Əliyev/
Azərbaycan boksçuları Bakıda keçirilən gənc boksçular arasında dünya birinciliyində uğurla çıxış ediblər.
Dünən həmvətənlərimizdən Elvin İsayev (57 kq) birinci mərhələdə israilli Roy Harmatsla qarşılaşıb. Rinqdə rəqibinə çətin anlar yaşadan boksçumuz 16:2 hesabı ilə qalib gəlib. O, aprelin 27-də keçiriləcək növbəti mərhələdə Babur Aytbayevlə (Özbəkistan) üz-üzə gələcək.
69 kq çəki dərəcəsində mübarizə aparan Emil Əhmədov nepallı Rohan Pradhanı Bakıya gəlməyə peşman edib. 1 dəqiqə 5 saniyəyə rəqibini "istirahət"ə göndərən həmyerlimiz ikinci döyüşdə Tolqa Doğanla (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək.
Bu gün boksçularımızdan Teymur Məmmədov (81 kq) və Hacıbaba Hacıbabayev (91 kq) rinqə çıxacaqlar. Məmmədov ispaniyalı Rain Karlsonla, Hacıbabayev Ukraynanı təmsil edən erməni Armen Simonyanla üz-üzə gələcək.