Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına müntəzəm kömək göstərdiyinə görə Rusiyanın ali ruhani idarəsinin "III dərəcəli Şöhrət və Şərəf" ordeni ilə təltif edilib. Bu barədə Dövlət Komitəsindən bildiriblər.
Dinlərarası sülhün möhkəmləndirilməsində xidmətlərinə görə "III dərəcəli Şöhrət və Şərəf" ordeni ilə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti Tahir Salahov və Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, yazıçı Maqsud İbrahimbəyov da təltif olunublar.
Ordenləri aprelin 25-də Azərbaycanda rəsmi səfərdə olarkən Moskva və bütün Rusiyanın patriarxı Kiril təqdim edib.
Moskva və bütün Rusiyanın patriarxı təqdimat zamanı bildirib ki, Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, həmçinin Azərbaycanın görkəmli şəxsiyyətlərinin ölkələrimiz arasındakı sıx əlaqələrin qorunub saxlanmasında fəaliyyətləri xüsusi qeyd edilməlidir. "Hidayət Orucov, Tahir Salahov və Maqsud İbrahimbəyov məhz xeyirxah əməllərinə görə yüksək mükafata layiq görülüblər", - Kiril qeyd edib.
Hidayət Orucov çıxış edərək Moskva və bütün Rusiyanın patriarxı Kiril həzrətlərinə təşəkkürünü bildirib və əmin olduğunu bildirib ki, Dövlət Komitəsi ilə Yeparxiya arasındakı xeyirxah işgüzar münasibətlər gələcəkdə də uğurla davam etdiriləcək.