...

"Şəffaflıq Azərbaycan" İctimai Birliyinin hesabatındakı iradlar birmənalı qarşılanmır

Cəmiyyət Materials 19 May 2010 17:09 (UTC +04:00)
"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə üzrə İctimai Birliyi dünən 2006-cı ildə qəbul edilmiş Azərbaycanın Avropa Qonsuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində götürdüyü öhdəliklərin həyata keçirilməsinin monitorinqinin nəticələrini özündə əks etdirən hesabatını açıqlayıb.
"Şəffaflıq Azərbaycan" İctimai Birliyinin hesabatındakı iradlar birmənalı qarşılanmır

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir K.Zərbalıyeva/

"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə üzrə İctimai Birliyi dünən 2006-cı ildə qəbul edilmiş Azərbaycanın Avropa Qonsuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində götürdüyü öhdəliklərin həyata keçirilməsinin monitorinqinin nəticələrini özündə əks etdirən hesabatını açıqlayıb.

Məhkəmə-Hüquq Şurası (MHŞ) Aparatının rəhbəri Cavid Hüseynov Trend-ə müsahibəsində belə monitorinqlərin keçirilməsini əhəmiyyətini vurğulamaqla və bunu aparılan islahatların inkişafına stimul verən amil kimi qiymətləndirməklə yanaşı, yekun hesabatda məhkəmə sistemi üzrə bir sıra qeyri-dəqiq məlumatların yer aldığını qeyd edib.

"Şəffaflıq Azərbaycan" təşkilatı bir sıra məlumatları dəqiqləşdirmədən həmin hesabatı açıqlayıb ki, bu da hesabatla tanış olan şəxslərdə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının bəzi aspektləri ilə bağlı yanlış fikrin formalaşmasına səbəb ola bilər", - Hüseynov bildirib.

MHŞ rəsmisinin fikrincə, Azərbaycanda məhkəmə-hüquq islahatları sürətlə aparıldığından bəzi qeyri-hökumət təşkilatlarının prosesləri mütəmadi şəkildə izləmək imkanları olmur ki, bu da belə qeyri-dəqiq hesabatların hazırlanmasına səbəb olur.

Hüseynovun fikrincə, hesabatda materialların qanunvericilikdən, habelə bu sahə üzrə ixtisaslaşmış şəxslərdən alınan müsahibələrdən əldə edildiyi göstərilsə də, təəssüf ki, məhz qanunvericiliklə yaxından tanış olmama səbəbindən burada bəzi səhv nəticələr öz əksin tapıb. Həmçinin, hesabatda "Şəffaflıq Azərbaycan" təşkilatının hakimlərin seçilməsi zamanı şifahi imtahanın keçirilməsində nümayəndə kimi dəvət olunmaması, imtahan mərhələlərinin müəyyən edilməsində qanunvericiliyin tələblərinə əməl edilməməsi və s. məsələlər göstərilib.

Hüseynov bildirib ki, hesabatın təqdimatı zamanı keçirilən müzakirələrdəcə müəyyən edilib ki, nəinki, "Şəffaflıq Azərbaycan" təşkilatının, həmçinin digər çoxsaylı yerli və beynəlxalq təşkilatların nümayəndələri imtahan prosesinin şifahi mərhələsini dəfələrlə izləyiblər.

"Eyni zamanda, Avropa Şurasında ekspertizadan keçirilmiş və Avropada mövcud olan qabaqcıl təcrübəyə uyğun ən mütərəqqi qaydalardan hesab edilən "Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi qaydaları" da hesabat müəllifləri tərəfindən kifayət qədər öyrənilməyib. Yəqin bunun nəticəsidir ki, hesabatda imtahan mərhələlərinin müəyyən edilməsində yanlış qənaətə gəlinib. Hesabatda imtahanların şəffaflığı və obyektivliyi ilə bağlı mənbəyi tam göstərilməyən, bəzən isə bu proseslərə qərəzli münasibətləri ilə tanınan şəxslərin fikirlərinə istinad olunması hesabatın obyektivliyini şübhə altına alır. Halbuki, bu prosesləri bilavasitə həyata keçirən orqanlardan məlumat alınsaydı, hesabatda belə səhvlərə yol verilməzdi", - Hüseynov vurğulayıb.

MHŞ rəsmisi bildirib ki, hakimlərin seçilməsi prosesinin mərhələləri hesabatda tam göstərilməyərək belə bir səhv nəticəyə gəlinir ki, guya bəzi hallarda seçilmiş namizədlər hakim vəzifəsinə təyinatlarını illərlə gözləməli olurlar. Bu da, ilk növbədə, seçim qaydaları barədə məlumatsızlıqdan irəli gəlir.

"Çünki, yazılı və şifahi imtahandan müvəffəqiyyətlə keçmiş namizədlərin cəlb edildiyi ilkin uzunmüddətli tədris kurslarının proqramı Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanır, həmin proqramın müddəti isə konkret müəyyən edilir. Belə ki, 2005-ci ildə həyata keçirilən seçim prosedurunda bu 4 ay, 2006-cı ildə 6 ay olub, hazırda davam edən prosedurda isə 8 ay nəzərdə tutulub. Hazıradək yuxarıda qeyd edilən yeni qaydalara uyğun olaraq hakim vəzifələrinə təyin edilmiş 160-dək namizəd barəsində elə bir hal baş verməyib ki, bu və ya digər namizədin təyinatı geciksin, yaxud da onlar bunu illərlə gözləmək məcburiyyətində qalsınlar", - Aparat rəhbəri deyib.

Məhkəmə aparatının işçilərinin təlim məsələsinin qanunvericilikdən kənar qalması ilə bağlı iradla razılaşmayan MHŞ rəsmisi deyib ki, belə bir iradın hesabata daxil edilməsi bu sahədəki qanunvericilikdən məlumatsızlıqdan irəli gəlir.

"2008-ci il noyabrın 21-də prezident tərəfindən Ədliyyə Akademiyasının Əsasnaməsi təsdiq olunub. Əsasnamədə göstərilib ki, Ədliyyə Akademiyası məhkəmə aparatı əməkdaşlarının təlimi ilə məşğul olur. 2009-cu ildə isə Ədliyyə Akademiyasının strukturu təsdiq olunub. Akademiyada məhkəmə əməkdaşlarının təlimini təşkil edəcək strukturlar formalaşdırılıb. 2009-cu ildən təlim prosesinə başlanılıb. Bu qeyd etdiyim əsaslar məhkəmə aparatı əməkdaşlarının təlim məsələsinin qanunvericilikdən kənar qalması ilə bağlı iradın düzgün olmadığını sübut edir", - Hüseynov deyib.

Təşkilatın açıqladığı hesabatda məhkəmələrdə işlərin bölünməsində bərabərliyin olmaması məhkəmə-hüquq sistemindəki nöqsanlardan biri kimi göstərilib.

"2008-ci ildən işlərin bölünməsi ilə bağlı təlimat təsdiq olunub. Təlimat hazırda bütün məhkəmələrdə tətbiq edilir və işlərin hakimlər arasında bərabər bölünməməsi mümkün deyil", - Hüseynov deyib.

Hesabatda tənqid olunan məqamlardan biri də məhkəmələrin büdcəsinin bölünməsində və idarə edilməsində onların rolunun qaneedici olmaması ilə bağlıdır.

Bu iradla da razılaşmayan aparat rəhbəri deyir ki, Ali Məhkəmə və apelyasiya məhkəmələri tərəfindən büdcələr tam müstəqil formalaşdırılır və onlar özləri büdcələrini idarə edirlər. Birinci instansiya məhkəmələrinin sayı 100-dən çox olduğundan hər birinin büdcəsini tərtib etmək üçün onların təklifləri Ədliyyə Nazirliyi tərəfindən nəzərə alınır, ümumiləşdirilir və Maliyyə Nazirliyinə təqdim olunur.

Sənəddə hakimlərin prezident tərəfindən təyin olunması onların müstəqilliyinə müdaxilə kimi qeyd olunur. Bununla əlaqədar Hüseynov bildirib ki, ölkəmizdə Məhkəmə-Hüquq Şurasının təqdimatı olmadan hər hansı şəxsin hakim vəzifəsinə təyin edilməsi və vəzifədə irəli çəkilməsi mümkün deyil və bu da hakimlərin müstəqilliyinə şərait yaradan amildir. Ümumiyyətlə isə Avropa Şurasının bir çox dövlətlərində hakimlər ədliyyə naziri tərəfindən təyin olunurlar, məsələn, Almaniyada", - MHŞ rəsmisi bildirib.

Hüseynov, eyni zamanda, hesabatda qeyd edilən nöqsanlarla yanaşı, məhkəmə sisteminin idarə olunması istiqamətində qanunvericilik və institusional sahəsində əhəmiyyətli irəliləyişlərin qeydə alınması, həmçinin hakim korpusunun daha da professionallaşdırılması sahəsində görülən işlərin obyektiv qiymətləndirilməsini (hakimlərin tədrisə cəlb edilməsi səviyyəsi 100 faiz kimi qiymətləndirilib) təqdirəlayiq hesab edərək, gələcəkdə belə hesabatların hazırlanmasında daha dəqiq məlumatlardan istifadə ediləcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti