RED. əlav.: üçüncü abzasdan sonra əlavə olunub
Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir T.Hacıyev/
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) "İqlim dəyişmələri və biomüxtəliflik" üzrə BMT Baş Assambleyasının növbəti sessiyasına hazırlıqla bağlı Avropa Nazirlər Konfransını 5-7 iyul tarixlərində Qəbələdə keçirəcək. Bu barədə cümə axşamı jurnalistlərə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa bürosunun direktoru Kristof Büvye deyib.
"Bu günə qədər səkkiz ölkə konfransda iştirak etməyə razılıq verib, düşünürəm ki, iştirakçıların sayı daha da çox olacaq", - Büvye bildirib.
Onun sözlərinə görə, konfrans "Azərbaycanda ekologiya ili və beynəlxalq biomüxtəliflik ili"nin qeyd edilməsi ilə əlaqədar keçirilir.
Avropa bürosunun direktoru Qəbələyə gedərək orada konfransın keçirilməsi üçün şəraitlə tanış olduğunu deyib və bildirib ki, konfransa hazırlıq yüksək səviyyədə təşkil olunub. "Səfər öncəsi məndə narahatlıq doğuran bütün məsələlərə aydınlıq gəlib və heç bir artıq şübhə qalmayıb", - Büvye bildirib.
"Azərbaycan ekologiya sahəsində son illər çox inkişaf edib və hazırda irəlidə gedən ölkələrdən biridir. Bu da Prezident İlham Əliyevin ekologiya sahəsinə göstərdiyi diqqətin nəticəsidir", - o deyib.