...

Azərbaycanda Aşura günü ilə bağlı məscidlərdə qanvermə aksiyası başlayıb

Cəmiyyət Materials 16 Dekabr 2010 10:34 (UTC +04:00)
Azərbaycanda Aşura günü ilə bağlı səhər saat 8:00 radələrində məscidlərdə qanvermə aksiyası başlayıb.
Azərbaycanda Aşura günü ilə bağlı məscidlərdə qanvermə aksiyası başlayıb

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Aşura günü ilə bağlı səhər saat 8:00 radələrində məscidlərdə qanvermə aksiyası başlayıb.

Mərkəzi Qan Bankında qanla keçən infeksiyalar bütün standartlara uyğun yoxlanılır, sonra ehtiyacı olan xəstələrə veriləcək. Yığılan qanlar əsasən tallesimiya və gen xəstəliklərindən əziyyət çəkənlərə veriləcək. Bunu cümə axşamı Trend-ə Mərkəzi Qan Bankının həkimi Həqiqət Əliyeva deyib.

Saat 10:00-a qədər Təzə Pir məscidində 100 nəfərə yaxın şəxs qan verib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü - dekabrın 16-da qanvermə aksiyalarının həyata keçiriləcəyi məscid və ziyarətgahların adlarını açıqlayıb.

Təzə Pir , Hacı Sultanəli, Bibiheybət, Qaraçuxur, Mir Mövsüm ağa, Sumqayıt məscidləri, Gəncədə İmamzadə ziyarətgahı, Mingəçevirdəki Heydər, Şəki, Şirvan, Lənkərandakı Böyükbazar və Bərdə məscidlərində qanvermə aksiyaları təşkil ediləcək. Bu barədə daha öncə Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.

1368 il öncə məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə həlak olub. Onlar Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib.

Dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.

Xəbər lenti

Xəbər lenti