Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Prezidenti İlham Əliyevin Bakı və onun ətrafında 3 milyon ağac əkilməsi barədə təşəbbüsü ilə əlaqədar 2009-cu ildən başlayaraq genişmiqyaslı tədbirlər həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova çərşənbə axşamı Trend-ə bildirib ki, Bakı və onun ətraf ərazilərində 2009-cu ilin payız əkin mövsümündən bu günədək ümumilikdə 2 718 200 ədəd ağac və kol bitkisi əkilib. Bunlardan 1 913 500 ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 804 700 ədədi isə digər təşkilatlar tərəfindən əkilib.
2009-cu ilin payız və 2010-cu ilin yaz əkin mövsümlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı və onun ətraf ərazilərində 1 005 000 ədəd, 2010-cu ilin payız əkin mövsümünün 1 noyabr-25 dekabr tarixlərində isə 908 500 ədəd ağac və kol btkisi əkilib.
İbrahimova deyib ki, nazirliyin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında heç bir əlavə vəsait xərclənmədən, nazirliyin daxili imkanları hesabına 2010-cu ilin payız əkin mövsümünün proqnozu artıqlaması ilə yerinə yetirilərək, ümumilikdə 2123,55 hektar sahədə 5 066 090 ədəd müxtəlif növ ağac əkilib. Bundan əlavə, əvvəllər əkilmiş ərazilərdə doldurulma işləri aparılaraq 235 831 ədəd müxtəlif növ ağac əkilib.