...

Rusiyanın Həştərxan şəhərində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2011 15:16 (UTC +04:00)
Rusiyanın Həştərxan şəhərində cümə axşamı 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Rusiyanın Həştərxan şəhərində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir M.Əliyev/

Rusiyanın Həştərxan şəhərində cümə axşamı 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Bu barədə Nərimanov rayon İcra Hakimiyyətindən bildiriblər.

Mərasim aparıcı diaspor təşkilatlarının rəhbər və fəallarının, ali təhsil ocaqlarında oxuyan azərbaycanlı tələbələrin, ictimaiyyət nümayəndələrinin və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə Həştərxandakı parkda ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önündə keçirilib.

Tədbir iştirakçılarına 20 Yanvar hadisələrinin başvermə səbəbləri, Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciə haqqında geniş məlumat verilib, bu günün Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi olduğu vurğulanıb.

Çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin 20 Yanvar qırğınından dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu cinayəti törədən Sovet imperiyasının rəhbərliyini ittiham etməsinin tarixi əhəmiyyətindən bəhs edilib. Həmçinin bildirilib ki, xalqımıza qarşı törədilən bu cinayətin əsl qiyməti də məhz sonralar ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə verilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Bakının Nərimanov rayonu ilə Həştərxan vilayətinin Nəriman Nərimanov adına rayonu qardaşlaşıblar.

Xəbər lenti

Xəbər lenti