...

Qənirə Paşayevanın "Tarixə adını yazan qadınlar" kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Mart 2011 14:06 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayevanın "Tarixə adını yazan qadınlar" adlı kitabının təqdimatı keçirilib.
Qənirə Paşayevanın "Tarixə adını yazan qadınlar" kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir T.Hacıyev/

Millət vəkili Qənirə Paşayevanın "Tarixə adını yazan qadınlar" adlı kitabının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu gün Prezident İlham Əliyevin siyasətinin nəticəsi olaraq qadınların gündəlik həyatında böyük dəyişikliklər müşahidə olunur.

"Ölkəmizdə gedən dəyişikliklər nəticəsində Azərbaycan qadını da inkişaf edir. Azərbaycan qadını bu gün iqtisadi cəhətdən daha müstəqildir. İqtisadi müstəqillik də qadınların inkişafına təsir edən amillərdəndir. Qadınları Milli Məclisdə və digər dövlət qurumlarında görmək bizi sevindirir", - Hüseynova əlavə edib.

Onun sözlərinə görə, belə kitab yazmaq istər qadında, istərsə də kişidə böyük istedad tələb edir.

Kitabın müəllifi Paşayeva öz çıxışı zamanı bütün qadınları 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Sonra Paşayeva kitabın yazılma səbəblərindən danışıb.

O deyib ki, jurnalist fəaliyyəti zamanı dünyanın bir çox ölkələrini gəzib, lakin dünyanın bütün yerlərində qadına layiq olduğundan az qiymət verildiyini deyib. Ona görə də belə bir kitab yazmaq barədə düşünüb.

"Qadınlar əsas uğurlarını XX əsrdə əldə ediblər. Ona qədər qadınların hətta səsvermə hüquqları da yox idi. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi ölkələrdə hələ də qadınlara layiqli yer verilmir. Azərbaycan isə işığa gedən ölkələrdəndir", - deputat əlavə edib.

Paşayeva deyib ki, kitabın ən azı yüz qıza öz təsirini göstərməsini istəyir.

"Biz istərdik ki, kitabda adıçəkilən qadınların həyatı Azərbaycan qızları üçün stimul olsun. Bu kitabı yazmaqda məqsədlərdən biri də ən azı yüz qızın həyatının inkişaf etdirilməsidir. Ən azı yüz nəfər qız bu qadınların həyatı haqqında oxuyaraq özləri üçün stimul yaradacaqlar", - Paşayeva deyib.

Millət vəkili Paşayeva bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müstəqillikdən sonra Azərbaycanda qadın hərəkatının önündə duran bir şəxsiyyətdir. Azərbaycan qadının dünyada təmsil olunmasında həm özünün şəxsi örnəyi ilə, həm də fikirləri ilə nümunədir.

Millət vəkili Rəbiyyət Aslanova isə çıxışı zamanı deyib ki, öz varlığı ilə bəşəriyyətə şərəf gətirən qadınlar haqqında kitab yazmaq asan iş deyil. O da Paşayevanı belə bir kitab yazdığına görə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən millət vəkili Elmira Axundova, xalq şairi Zəlimxan Yaqub və digər şəxslər də kitabın böyük önəm daşıdığını vurğulayıblar.

Üç cilddən ibarət olan kitabda ayrı-ayrı əməli fəaliyyət sahəsində böyük işlər görmüş, ilklərə imza atmış, tarixin müxtəlif dövrlərində yaşamış 100 ünlü qadının həyat və fəaliyyəti haqqında oçerklər toplanıb.

Kitabın birinci cildinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri professor Hicran Hüseynova, ikinci cildinə Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa və kitabın məsləhətçisi Aybəniz Turan, 3-cü cildinə isə insan hüquqları üzrə müvəkkil, professor Elmira Süleymanova və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura ön söz yazıblar.

Xəbər lenti

Xəbər lenti