Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə "Diffamasiya haqqında" qanun layihəsinin müzakirəsi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov layihənin Şura tərəfindən ATƏT-in Bakı ofisinin hüquqi ekspertizası ilə hazırlandığını deyib. O, ATƏT-lə münasibətlərdən məmnunluğunu ifadə edərək, ən müasir tələblərə cavab verən layihə hazırladıqlarını bildirib.
Amaşov qanun layihəsinin 5 fəsil, 16 maddədən ibarət olduğunu açıqlayıb.
ATƏT-in Bakı ofisinin şöbə müdiri Jaklin Karpenter MŞ ilə əməkdaşlıqdan razı qaldıqlarını bildirib.
"Sənəd layihəsi ilə bağlı təkliflərimizi verdik. İstərdik ki, təkliflərimiz Azərbaycanda ictimai müzakirədən keçsin. Ümid edirik ki, bu layihə Parlamentə təqdim olunduqdan sonra da ictimai müzakirələr davam edəcək", - Karpenter deyib.
MŞ üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov əvvəllər diffamasiya ilə bağlı qanunun qəbul edilməsinin əleyhinə, indi isə tərəfdarı olduğunu bildirib.
"Ölkədə son illərdə söz azadlığı sahəsində vəziyyət daha da yaxşılaşıb. İstənilən şəxs qəzet təsis edə bilər. Bir məqamı da deyim, on il əvvəl səhifələrində söyüş və təhqirlərə yol verən müxalifət qəzetləri indi bunu, demək olar ki, etmirlər" - Sadıqov deyib.
"Diffamasiya haqqında" qanun layihəsinin hazırlanmasına 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə başlanılıb. Onu hazırlayan işçi qrupa millət vəkillləri, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.
Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.