...

Bələdiyyə üzvləri inzibati icraat haqqında qanunvericilik sahəsində maarifləndirilir

Cəmiyyət Materials 6 May 2011 16:50 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində Bakı, Sumqayıt və Xızı şəhər, rayon bələdiyyələrinin üzvləri üçün "İnzibati icraat haqqında" qanunun öyrənilməsi məqsədilə seminar keçirilib.
Bələdiyyə üzvləri inzibati icraat haqqında qanunvericilik sahəsində maarifləndirilir

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində Bakı, Sumqayıt və Xızı şəhər, rayon bələdiyyələrinin üzvləri üçün "İnzibati icraat haqqında" qanunun öyrənilməsi məqsədilə seminar keçirilib.

Trend-in məlumatına görə, Mərkəzin rəhbəri Mehdi Səlimzadə bildirib ki, 2005-ci ildə qəbul edilmiş və bu ilin yanvarından qüvvəyə minmiş qanunda inzibati orqanlar sırasında bələdiyyələr də yer alıb.

O, qanunun bələdiyyələr tərəfindən öyrənilməsi məqsədilə regionlarda da seminarların təşkil olunacağını bildirib.

"İnzibati icraat haqqında" qanunun mahiyyəti, inzibati aktın qəbul edilməsi, ondan şikayət verilməsi barədə geniş məlumat verən mərkəzin rəis müavini Fazil Məmmədov bildirib ki, bələdiyyələr inzibati akt qəbul etmək səlahiyyətinə malik olduğundan inzibati orqan hesab olunur.

Qanunda inzibati aktın tərtib olunması qaydaları barədə danışan rəis müavini bildirib ki, qanunda inzibati aktın rekvizitləri dəqiq müəyyən edilib.

Bu rekvizitlərə uyğun olmayan aktlar qəbul ediləcəyi halda, onların Mərkəz tərəfindən qəbul edilməyəcəyini deyən Məmmədov bələdiyyə üzvlərinə qanunda göstərilən şərtlərə cavab verən qərarların qəbulunu tövsiyə edib.

O, bələdiyyə aktlarının təkbaşına deyil, bələdiyyə iclasında iştirak edən üzvləri tərəfindən qəbul edilməsinin vacib olduğunu qeyd edib.

"Aktın kollegial orqan tərəfindən qəbulu sui-istifadə hallarının, korrupsiya faktlarının qarşısını almağa, bələdiyyələrin fəaliyyətində şəffaflığın və açıqlığın təmin olunmasına imkan yaradır. Mərkəzə ekspertiza üçün göndərilən bələdiyyə aktlarına bu qanunun tələbləri baxımından yanaşılmalıdır", - Məmmədov vurğulayıb.

Bələdiyyələr vətəndaşın müraciətindən imtina barədə qərarda onun hansı orqana və hansı müddətdə şikayət verə biləcəyini konkret göstərməlidirlər.

Bələdiyyə aktlarının icrası ilə bağlı məsələyə toxunan Məmmədov bildirib ki, bələdiyyənin qəbul etdiyi qərarların icrası ünvanladığı şəxs üçün məcburidir.

Onun sözlərinə görə, pul tələbi ilə bağlı bələdiyyə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilməlidir.

"Bələdiyyələr məhkəməyə müraciət etmədən pul borclarının ödənilməsi üçün icra məmurlarına müraciət etməli və qərarın icraya yönəldilməsi ilə bağlı qərar qəbul olunmalıdır. Bununla da bələdiyyələr məhkəmələrə müraciət etmədən qərarı icraya yönəldə bilərlər. Bu, məhkəmələrin də iş yükünü azaltmış olur", - rəis müavini deyib.

Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəis müavini Bəşir Hüseynalıyev bələdiyyə sədrlərinin qərarları təkbaşına qəbul etdiklərini, bələdiyyə üzvlərinin qanunvericilikdən xəbərsiz olduqlarını bildirib.

Hüseynalıyev deyib ki, 2007-ci il dekabrın 7-də "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna edilmiş əlavəyə görə, bələdiyyə torpaqlarının bələdiyyələr tərəfindən satılmasına qadağa qoyulub və həmin dəyişikliyə görə, bələdiyyə torpaqları yalnız hərraclar və müsabiqələr yolu ilə satıla bilər.

"Bu qanun qəbul edilənədək zəbt edilmiş torpaqları geri qaytarmaq mümkün deyilsə, həmin vətəndaşın mülkiyyətinə verilərək torpaq vergisinə cəlb edilməlidir. Bu qanundan sonra zəbt edilmiş bələdiyyə torpaqları isə məhkəmə qaydasında geri qaytarılmalıdır", - rəis müavini bildirib.

Seminarda iştirak edən bələdiyyə üzvləri təcrübədə qarşılaşdıqları problemlər barədə danışıb və onların həlli məqsədilə tədbirlərin görülməsini vacib sayıblar.

Onlar bildiriblər ki, bir qisim bələdiyyələrin sərhədləri dəqiq müəyyənləşməyib, bələdiyyə torpaqlarında inşa edilən evlərin əksəriyyətinin mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması əmlak vergisinin toplanmasında problemlər yaradır.
Bələdiyyə üzvləri vergilərin toplanması zamanı problemlərlə üzləşdiklərini bildiriblər.

Mərkəzin rəhbəri Səlimzadə seminara yekun vuraraq bələdiyyə üzvləri tərəfindən "İnzibati icraat haqqında" qanunun öyrənilməsinin vacib olduğunu diqqətə çatdırıb.

O, bələdiyyələrin fəaliyyətində qeydə alınan qanun pozuntularının sayının əvvəlki illərlə müqayisədə artdığını diqqətə çatdırıb.

Bildirib ki, bələdiyyələrin fəaliyyətində səhv qərarların qəbulu, qərarların gizlədilməsi, bələdiyyə mülkiyyətindən, əmlakından istifadədə, maliyyə mənbələrinin toplanması və xərclənməsi zamanı kobud qanun pozuntuları və korrupsiya faktları müəyyən edilib.

Səlmzadə bələdiyyələrə qəbul etdikləri qərarları inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim etmələrini, iclasları mütəmadi olaraq keçirmələrini, qərar qəbul etmək qayda və prosedurlarına əməl etmələrini, fəaliyyətləri barəsində əhaliyə şəffaflıq prinsiplərinə uyğun olaraq hesabat vermələrini tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti