Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanda qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması proseduruna dəyişiklik edilib.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəllənin bu qəbildən olan işlər üzrə ərizələrə baxılmasını nəzərdə tutan 437-ci maddəsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.
Qanuna görə, ərizəyə ilkin olaraq Ali Məhkəmənin Plenumu tərəfindən təyin edilən 5 hakimdən ibarət məhkəmə tərkibi baxacaq.
Məhkəmə tərkibi ərizəyə baxaraq ərizənin məzmununa dair tələblərə riayət edilmədiyini müəyyən edərsə, ərizənin qaytarılması haqqında qərar qəbul edir.
Ərizə vermiş şəxs onun qaytarılmasına səbəb olmuş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ərizə verə bilər.
Yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasına əsaslar olmadıqda, məhkəmə tərkibi ərizənin rədd olunması haqqında qərar qəbul edir.
Ərizənin məzmununa dair tələblərə riayət edildikdə və yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılması üçün əsaslar olduqda, ərizənin işlə birlikdə Ali Məhkəmənin Plenumuna göndərilməsi haqqında qərar qəbul olunur.
Qeyd olunan bu qərarlardan şikayət verilə bilməz.
Yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması haqqında ərizəyə məhkəmə iclasında baxılır.
Ərizəçiyə və işdə iştirak edən digər şəxslərə Plenumun iclası, vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilir.
Lakin onların məhkəməyə gəlməməsi ərizəyə baxılmasına mane olmur.