...

Azərbaycanın orta məktəblərində eyni fənn fərqli dərsliklər əsasında tədris oluna bilər

Cəmiyyət Materials 7 İyun 2011 12:24 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində müəyyən sinifdə tədris olunan eyni fənn üzrə bir neçə dərslik istifadə edilə bilər. Bunu Trend-ə Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri Elmina Kazımzadə deyib.
Azərbaycanın orta məktəblərində eyni fənn fərqli dərsliklər əsasında tədris oluna bilər

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində müəyyən sinifdə tədris olunan eyni fənn üzrə bir neçə dərslik istifadə edilə bilər. Bunu Trend-ə Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri Elmina Kazımzadə deyib.

Onun sözlərinə görə, siniflər üzrə hazırlanan yeni dərsliklərin layihələri DQŞ-də qiymətləndirmədən uğurla keçdikdən sonra onların məzmunu, üstün cəhətləri barədə internetdə məlumat veriləcək.

Bununla da məktəblər həmin dərsliklər hələ çap edilməmişdən əvvəl onların məzmunu ilə tanış olmaq imkanı qazanacaqlar.

"Ola bilər ki, V sinfin biologiya fənni üzrə iki dərslik qiymətləndirmə zamanı keçid balını toplasın və onların ikisi də məktəblərə təklif olunsun. Artıq bu dərsliklərdən hansını seçəcəyini məktəblər özləri müəyyənləşdirəcəklər. Ola bilsin ki, bir məktəb ixtisaslaşmış, təmayüllü təhsil müəssisəsidir. Orada hansısa fənn, məsələn, biologiya mürəkkəb proqramla tədris edilir. Başqa məktəbdə isə biologiya aparıcı fənn kimi olmasa da, bilikləri öyrənmək üçün keçilir. Hər iki dərslik proqrama uyğundur, amma onlardan biri daha mürəkkəb, o biri daha sadə ola bilər. Məktəb də öz marağı əsasında, yəni fənləri hansı formada tədris etməyindən asılı olaraq, dərslikləri seçəcək və onları sifariş edəcək", - Kazımzadə bildirib.

O qeyd edib ki, yenilik həyata keçirilərsə, nəşriyyatların çap edəcəkləri dərsliklərin tirajı məktəblərin sifarişindən asılı olacaq. Bu yeniliyin tətbiqinə eyni zamanda, nəşriyyatlar da hazır olmalıdırlar.

Kazımzadənin sözlərinə görə, yeniliyin tətbiqi üçün ən azı iki il vaxt tələb olunur.

"Biz gələcəkdə bunu mütləq etməliyik. Çünki bir fənnə aid bir neçə dərslik olmalıdır. Bununla yanaşı, dərsliklərin seçimində məktəblərin də qərarı olmalıdır. Belə olduqda dərslik bazarı daha tez inkişaf edəcək", - o bildirib.

Fərqli dərsliklərin şagirdlərin ali məktəblərə qəbul imtahanlarına hazırlaşmalarına hansı formada təsir göstərəcəyinə gəldikdə, Kazımzadə deyib ki, orta məktəblərdə bir fənn üzrə bir necə dərsliyin istifadəsi abituriyentlər üçün heç bir problem yaratmayacaq. Çünki həmin dərsliklərin hər biri mövcud tədris planına uyğun hazırlanacaq. Qəbul imtahanındakı test tapşırıqları da tədris planı əsasında müəyyən edilir.

Xəbər lenti

Xəbər lenti