...

Azərbaycanda danışılmış futbol oyunlarının aşkarlanması üçün nəzarət gücləndirilir

Cəmiyyət Materials 21 İyul 2011 15:52 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında ölkədə danışılmış futbol oyunlarının aşkar edilməsi üçün yeni müstəqil ekspert olacaq.
Azərbaycanda danışılmış futbol oyunlarının aşkarlanması üçün nəzarət gücləndirilir

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında ölkədə danışılmış futbol oyunlarının aşkar edilməsi üçün yeni müstəqil ekspert olacaq. Bu barədə Trend-ə cümə axşamı AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.

"AFFA-nın tərkibində futbol ictimaiyyətinə aidiyyəti olmayan müstəqil şəxslərdən ibarət ekspert komissiyası bu vaxta qədər də mövcud idi, lakin onlar şikayət olduğu təqdirdə şübhəli oyuna baxırdılar. Bu günə qədər həmin komissiyaya danışılmış oyunla bağlı heç bir şikayət daxil olmayıb", - o deyib.

Məmmədovun sözlərinə görə, UEFA-nın tövsiyəsi ilə AFFA-nın tərkibində yeni futbol mövsümündən danışılmaqda şübhəli bilinən oyunların araşdırılması üçün təyin olunan ekspert oyunları araşdıracaq və şübhəli görünən oyun barədə ekspert komissiyasına məlumat verəcək.

"Misal üçün, ictimaiyyət arasında hansısa oyunun şübhəli olması barədə geniş müzakirələr gedəcəyi, lakin hər hansı bir tərəfdən şikayət daxil olmadığı təqdirdə, həmin nümayəndə ekspert komissiyasına müraciət edəcək", - o bildirib.

Türkiyə futbol ictimaiyyətində baş verən son qalmaqallarla bağlı AFFA-nın baş katibi qeyd edib ki, məlum hadisələr Azərbaycan ictimaiyyətini də təəssüfləndirir. "Azərbaycanda Türkiyə futboluna böyük azarkeş dəstəyi var. Hər bir azərbaycanlı azarkeş hansısa Türkiyə klubuna pərəstiş edir və sonradan belə hadisələrin baş verməsi onu məyus edir", - Məmmədov deyib.

AFFA rəsmisi Türkiyədə məhkəmələrin son qərarının hələ verilmədiyini bildirərək qeyd edib ki, istənilən halda klublar ciddi cəza almalıdır.

Türkiyədə son zamanlar razılaşdırılmış matçların təşkili ilə bağlı Fənərbağça, Beşiktaş, Trabzonspor kimi məhşur klubların rəhbərliyi məhkəməyə cəlb olunub. Bu, türk polisinin futbolda korrupsiyaya qarşı həyata keçirdiyi ikinci iri əməliyyatdır. "Hürriyyət" qəzetinin internet saytı xatırladır ki, 2010-cu ilin mart-aprelində aralarında Türkiyənin məşhur məşqçilərinin və futbolçularının olduqları 55 nəfər gözaltına alınmışdı.

Xəbər lenti

Xəbər lenti