...

Bakıda avarçəkmə mərkəzi yaradıla bilər

Cəmiyyət Materials 26 Avqust 2011 16:36 (UTC +04:00)
Bakıda avarçəkmə mərkəzinin yaradılması gözlənilir.
Bakıda avarçəkmə mərkəzi yaradıla bilər

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir M.Əliyev/

Bakıda avarçəkmə mərkəzinin yaradılması gözlənilir. Trend-in məlumatına görə, bunu cümə günü avarçəkmə üzrə milli komandanın üzvləri ilə görüş zamanı gənclər və idman naziri Azad Rəhimov deyib.

Qısa zaman ərzində Azərbaycan avarçəkənlərinin uğurlu nəticələrə imza atdığını deyən nazir bu idman növünün maddi-texniki təchizatının gücləndiriləcəyini bildirib.

Azərbaycan avarçəkənləri Valentin Demyanenko, Sergey Bezuqlıy və Maksim Prokopenko bu yaxınlarda keçirilən dünya çempionatında bir qızıl, üç bürünc medal, həmçinin London Yay Olimpiya oyunlarına iki vəsiqə qazanıblar.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov görüş zamanı bildirib ki, bu il artıq avarçəkənlərimiz 18 medal qazanıblar və sevindirici fakt bu medallardan bəzilərinin yeniyetmələr tərəfindən qazanılmasıdır.

Zeynalov həmçinin Bakıda avarçəkmə bazasının olmadığını bildərərək qeyd edib ki, bu səbəbdən bir çox şəxslər avarçəkmə seksiyasına yazıla bilmir. "Medalların sayı artdıqca Bakıda bu idman növü ilə məşğul olmaq istəyənlərin müraciətlərinin sayı da artır", - federasiya prezidenti bildirib.

Nazir Azad Rəhimov bildirib ki, hazırda Bakı bulvarında geniş tikinti işləri aparılır və hələlik baza barədə konkret fikir söyləmək tezdir. Onun sözlərinə görə, Dənizkənarı Parkda nəzərdə tutulan Gənclər Evinin tikintisi baş tutsa, orada avarçəkmə idmanının inkişafı üçün işlər görülə bilər.

"Hazırda diqqət mərkəzində Nefçala şəhəridir, çünki orada vaxtilə avarçəkmə bazası olub", - Rəhimov deyib. Onun sözlərinə görə, Nefçalada Olimpiya İdman Kompleksinin tikintisinə qərar verilərsə, həmin kompleksə avarçəkmə bazası da daxil ediləcək.

Xəbər lenti

Xəbər lenti