...

YUNİSEF: Azərbaycanda "Yuvenal ədliyyə haqqında" qanunun qəbulu uşaqların müdafiəsi ilə bağlı problemlərin həllinə imkan yaradacaq

Cəmiyyət Materials 5 Sentyabr 2011 14:34 (UTC +04:00)
Azərbaycanda "Yuvenal ədliyyə haqqında" qanunun qəbulu uşaq hüquqlarının müdafiəsi ilə bağlı mövcud problemlərin həllinə imkan yaradacaq.
YUNİSEF: Azərbaycanda "Yuvenal ədliyyə haqqında" qanunun qəbulu uşaqların müdafiəsi ilə bağlı problemlərin həllinə imkan yaradacaq

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir T. Hacıyev/

Azərbaycanda "Yuvenal ədliyyə haqqında" qanunun qəbulu uşaq hüquqlarının müdafiəsi ilə bağlı mövcud problemlərin həllinə imkan yaradacaq. Bu barədə Trend-ə YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard deyib.

Herevard təmsil etdiyi təşkilatın "Yuvenal ədliyyə haqqında" qanunun qəbulunda maraqlı olduğunu və qanun layihəsinin hazırlanmasında yaxından iştirak etdiyini deyib.

Onun sözlərinə görə, qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq və qəbul ediləcək.

Nümayəndəliyin rəhbəri bildirib ki, qanunun indiyədək qəbul edilməməsinin səbəbi müvafiq normativ hüquqi aktlara dəyişikliklərin edilməsidir.

"Qanunun qəbulundan öncə müvafiq hüquqi aktlara dəyişikliklər edilməlidir ki, bu qanunun icrası üçün baza yaradılsın. Bu səbəbdən qanun layihəsinin qəbul edilməsində müəyyən yubanmalar var", - Herevard bildirib.

Azərbaycanda yuvenal ədliyyə sahəsindəki vəziyyətdən hökumətin, parlamentin və YUNİSEF-in razı olmadığını qeyd edən təşkilat təmsilçisi bildirib ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbirlər görülməsinə ehtiyac var.

Herevard YUNİSEF-in bu sahədə pilot layihələr həyata keçirdiyini deyib və əlavə edib ki, "Uşaq dostu" polis otaqlarının, hüquq klinikalarının yaradılmasına ehtiyac var və bu istiqamətdə müvafiq tədbirlər görülür.

O, əmin olduğunu bildirib ki, sözügedən qanunun qəbulu bu sahədəki vəziyyəti daha da yaxşılaşdıracaq və mövcud problemləri aradan qaldıracaq.

Xəbər lenti

Xəbər lenti