...

İslam dünyasında bu gün birliyə daha çox ehtiyac var - Hidayət Orucov

Cəmiyyət Materials 23 Sentyabr 2011 17:32 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanı Krallığının islam işləri, vəqflər, dəvət və irşad işləri nazirinin müavini Əbdüləziz ibn Abdullah əl-Əmmarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İslam dünyasında bu gün birliyə daha çox ehtiyac var - Hidayət Orucov

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanı Krallığının islam işləri, vəqflər, dəvət və irşad işləri nazirinin müavini Əbdüləziz ibn Abdullah əl-Əmmarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Komitədən cümə günü Trend-ə verilən məlumata görə, nazir müavini Əbdüləziz ibn Abdullah əl-Əmmar öz ölkəsi ilə Azərbaycan arasında dost və qardaş münasibətlərin olmasından məmnunluğunu bildirib.

Səudiyyə Ərəbistanının bütün dövlətlərin daxili və xarici siyasətlərinə hörmətlə yanaşdığını qeyd edən nazir müavini ölkəsinin irq, din və məzhəb ayrı-seçkiliyini qəbul etmədiyini bildirib.

"Bu gün bütün dünyada yeni-yeni zərərli ideologiyalar, cərəyanlar yaranır və biz çalışmalıyıq ki, maarifləndirmə işi aparmaqla insanlarımızı, xüsusilə də gənclərimizi bu zərərlərdən qoruyaq. Terrorizmlə mübarizədə zəngin təcrübəyə malik ölkə kimi Səudiyyə Ərəbistanı hesab edir ki, ekstremizm və radikalizmin qarşısını almağın ən düzgün yolu maarifləndirmədir. Bunu etməkdə məqsədimiz İslamı parçalayan fikirləri bir kənara qoyaraq, ümumi vəhdətə nail olmaqdır", - o deyib.

Nazir müavini qeyd edib ki, İslam daxilində münaqişələrin baş qaldırmasının əsas səbəbi tərəflərin hər birinin özünü haqlı, qarşı tərəfi isə "dindən çıxmışlar" kimi qəbul etməsidir.

Orucov bildirib ki, İslam dünyasında bu gün birliyə daha çox ehtiyac var. Onun fikrincə, İslamın əleyhinə çıxan qruplar da mövcuddur.

"Ümumi birliyə nail olaraq, mövcud problemlərin həlli ilə özümüz məşğul olmalıyıq ki, həm belə "təftişçilər"ə fakt verilməsin, həm də İslama münasibətdə fərqli standart tətbiq edənlərə qarşı həmrəylik göstərilsin", - Komitə sədri deyib.

Xəbər lenti

Xəbər lenti