Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Baş Prokurorluğun Tədris Mərkəzində çərşənbə axşamı Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfrans keçirilib.
Trend-in məlumatına görə, konfransı giriş sözü ilə açan baş prokurorun müavini Namiq Əsgərov bildirib ki, ölkədə həyata keçirilən islahatlar nəticəsində sivil dövlətlərin prokurorluq orqanlarına xas olmayan funksiyalardan imtina olunaraq, bu orqanın insan hüquq və azadlıqlarının təmini üzrə səmərəli fəaliyyəti üçün qanunvericilik və normativ hüquqi baza yaradılıb.
Aparılan islahatlar nəticəsində struktur təkmilləşdirilib, prokurorluğun fəaliyyətində müasir informasiya texnologiyaları tətbiq olunub, kadr korpusunun formalaşmasında beynəlxalq standartlara uyğun yeni prosedurlardan geniş istifadə olunub, işə qəbul müsabiqə yolu ilə şəffaf qaydada həyata keçirilir. Prokurorluq orqanları ittiham mövqeyində dayanan təsisatdan əsas məqsədi insan hüquq və azadlıqlarının təmin edilməsi olan orqana çevrilib.
Baş prokurorun müavini bildirib ki, Prokurorluğun fəliyyətinin təkmilləşdirilməsi məqsədilə 2008-ci ildə "Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" qəbul edilib.
Proqramın əhəmiyyətindən danışan Əsgərov qeyd edib ki, proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaqın aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi üçün zəmin yaradıb.
Tədbirdə Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsinin rəisi Natiq Hüseynov, Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov, Müraciətlərə Baxılması İdarəsinin rəisi Anar Məmmədov, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Vüqar Əliyev çıxış edərək, dövlət müstəqilliyi illərində prokurorluq fəaliyyətinin konkret sahələri üzrə ətraflı məlumat veriblər.
Konfransda dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək, ölkəmizin dövlət müstəqilliyi illərində əldə etdiyi nailiyyətlərdən, prokurorluq orqanlarında həyata keçirilən islahatlardan danışıblar.
Konfransın sonunda Baş Prokurorluq tərəfindən hazırlanmış 2 cilddən ibarət "Azərbaycan Respublikası baş prokurorunun əsas əmr və göstərişləri" və "Dövlət ittihamçısının məlumat kitabı" nəşrləri və digər metodiki vəsaitlərin təqdimat mərasimi keçirilib.