...

Azərbaycan ombudsmanı Beynəlxalq Ahıllar Günü münasibətilə "dəyirmi masa" keçirib

Cəmiyyət Materials 30 Sentyabr 2011 19:58 (UTC +04:00)
Yaxın vaxtlarda dünya əhalisinin sayı yeddi milyarda çatacaq. Bu göstərici bütün dünyada gedən demoqrafik proseslər, o cümlədən yaşlı əhalinin, ahılların problemləri barədə düşünməyə sövq edir.
Azərbaycan ombudsmanı Beynəlxalq Ahıllar Günü münasibətilə "dəyirmi masa" keçirib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir B.Hacıyev/

Yaxın vaxtlarda dünya əhalisinin sayı yeddi milyarda çatacaq. Bu göstərici bütün dünyada gedən demoqrafik proseslər, o cümlədən yaşlı əhalinin, ahılların problemləri barədə düşünməyə sövq edir. Bu fikirlər Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi ilə birgə keçirdiyi "Əhalinin yaşlanması və ahılların vəziyyəti: vəzifələr, perspektivlər" mövzusunda "dəyirmi masa"da səslənibr.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, tədbir BMT Baş Assambleyasının Əhalinin qocalması problemləri üzrə Beynəlxalq Fəaliyyət Planının 10-cu ildönümü və 1 oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr edilib.

Tədbirdə dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.

Ombudsman ahılların cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakının, nəsillər arasında həmrəyliyin, qocalma probleminin həll olunmasının, ahılların potensialından istifadə etməyin vacibliyini vurğulayıb. Bu gün ölkəmizdə 450 min ahıl insanın yaşadığı bildirilib, onlara diqqətlə yanaşmağın, sağlamlıq, təhsil, yoxsulluq, gender bərabərliyi və digər məsələlərlə bağlı qarşılaşdıqları problemləri həll etməyin zəruri olduğu qeyd edilib.

Qeyd olunub ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ötən dövr ərzində ahılların sayının artması əhalinin ümumi artımını 2,1 dəfə qabaqlayır və respublikanın demoqrafik inkişafında qocalma prosesinin baş verdiyini təsdiqləyir və demoqrafik qocalma prosesləri bir sıra problemlər yaradır, əlavə dövlət vəsaitləri və sosial infrastrukturda böyük dəyişikliklər tələb edir.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev BMT-nin "7 milyard insan - 7 milyard fəaliyyət!" çağırışına Azərbaycan ombudsmanının dəstək verdiyi, bu tədbirin həmin istiqamətdə atılmış mühüm addım olduğunu vurğulayıb.

Dünyada gedən demoqrafik qocalma əmsalının yeni problemlər yaratdığı, hər bir dövlətin bu amilləri həssaslıqla nəzərə almasının zəruriliyi vurğulanıb. BMT-nin bu məsələ ilə bağlı bütün dünyaya öz narahatlığını bildirdiyi qeyd olunub.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Həyat səviyyəsinin təhlili və aktual hesablamalar şöbəsinin müdiri Azad Tağızadə "Əhalinin yaşlanması sahəsində mövcud problemlərin həllinə yönəlmiş siyasət", İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi müdirinin müavini Cəmaləddin Quliyev "Yoxsulluğun azaldılması və davamlı inkişaf sahəsində həyata keçirilən tədbirlərin ahıl vətəndaşların sosial müdafiəsində rolu", Səhiyyə Nazirliyinin məsul əməkdaşı Yusif Babayev "Ahılların sağlamlıq hüququnun təmin olunması vəziyyəti", Təhsil Nazirliyinin nümayəndəsi Sevda Abbasova "Yaşlıların təhsili sahəsində görülən işlər", Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının nümayəndəsi Əliş Əliyev, Ombudsman Aparatının sektor müdiri, müvəkkilin ahılların hüquqları üzrə müşaviri Yeganə Cəfərova "Ahılların cəmiyyətə inteqrasiyası sahəsində mövcud problemlər və həlli vacib olan vəzifələr, Ombudsmanın resurs mərkəzi olan Ahılların Resurs Mərkəzinin təcrübəsi" mövzularında məruzələr ediblər.

Müvəkkil "dəyirmi masa"da səmərəli təkliflər irəli sürüb. Ahılların cəmiyyətə inteqrasiyası, onların potensialından istifadə edilməsi, gənc nəslin təlim-tərbiyə prosesinə cəlb olunması, yaşlıların təhsili üzrə sosial pedaqoqların, ahıl vətəndaşlara xidmət edən sosial-məişət, tibb və digər xidmət sahələri üzrə mütəxəssislərin hazırlanması, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi, yaşlı nəslin ailədə, uşaq və valideynlər arasında tərbiyəvi rolunun təbliği, ahılların sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımları müəyyən edilərkən ailələrdə olan ahıllara ödənilən müavinətin məbləğinin ümumi ehtiyac meyarının məcmusundan çıxarılması, ahılların hüquqları ilə bağlı maarifləndirmə işinin genişləndirilməsi və digər təkliflər bu qəbildəndir.

Xəbər lenti

Xəbər lenti