...

Parlament eks-prezidentlər haqqında qanun layihəsinin müzakirəsinə başlayıb

Cəmiyyət Materials 25 Oktyabr 2011 12:28 (UTC +04:00)
Parlament "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanunu layihəsinin müzakirəsinə başlayıb.
Parlament eks-prezidentlər haqqında qanun layihəsinin müzakirəsinə başlayıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M. Əliyev/

Parlament "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanunu layihəsinin müzakirəsinə başlayıb.

Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyn layihə barədə geniş məlumat verib.

Layihəyə görə, qanun Konstitusiyaya uyğun olaraq prezident vəzifəsini tutmuş, həm də vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil olunacaq.

Qanun impiçment qaydasında vəzifədən kənarlaşdırılanlara şamil olunmayacaq.

Keçmiş prezident prezidentin aylıq əmək haqqının 50 faizi məbləğində aylıq pensiya alacaq. Sabiq prezident vəfat etdiyi halda bu təminatı həyat yoldaşı, o olmadıqda isə 18 yaşına çatmamış uşaqları alacaqlar.

Layihədə sabiq prezidentə dövlət tərəfindən avtomobil, sürücü və 3 nəfər mühafizəçinin ayrılması nəzərdə tutulub. Əgər prezident vəfat edibsə, avtomobil əvəzinə ailəsinə onun təminatı ödəniləcək.

Eks-prezidentlər və həyat yoldaşları diplomatik pasport daşıyacaqlar və onların toxunulmazlığı qanunla qorunacaq.

Layihədə qeyd olunur ki, sabiq prezident və həyat yoldaşı cinayət başında yaxalanarsa, prokurorun təqdimatı ilə saxlanıla bilər.

Tibbi təminat üzrə dövlət qulluğu üçün müəyyən edilmiş qanun və qaydaların müddəaları eks-prezidentə və ailə üzvlərinə şamil olunacaq.

Xəbər lenti

Xəbər lenti