...

Qadını nikaha daxil olmağa məcbur edənlərin cinayət məsuliyyətinə cəlb olunması erkən nikahların sayını azaldacaq - Dövlət Komitəsi

Cəmiyyət Materials 2 Noyabr 2011 16:23 (UTC +04:00)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, Azərbaycanda qadını nikaha daxil olmağa məcbur edən şəxslər barəsində qanunvericilikdə cinayət məsuliyyətinin təsbit olunması erkən nikahların sayının azalmasına səbəb olacaq.
Qadını nikaha daxil olmağa məcbur edənlərin cinayət məsuliyyətinə cəlb olunması erkən nikahların sayını azaldacaq - Dövlət Komitəsi

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, Azərbaycanda qadını nikaha daxil olmağa məcbur edən şəxslər barəsində qanunvericilikdə cinayət məsuliyyətinin təsbit olunması erkən nikahların sayının azalmasına səbəb olacaq.

Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova çərşənbə günü Trend-ə bildirib ki, Komitə tərəfindən bir müddət əvvəl respublikanın 4 bölgəsində - Bakı, Abşeron, Quba və Ağstafada araşdırma aparılıb.

Araşdırma zamanı məlum olub ki, həmin bölgələrdə ailə quran qızların yalnız 17 faizi valideynlərinin razılığı ilə ərə gediblər.

İbrahimovanın sözlərinə görə, araşdırmaların nəticəsi göstərir ki, əksər hallarda valideynlər qızların erkən yaşda ərə getmə hallarına şərait yaradırlar.

"Bu da valideyn məsuliyyəti məsələsini ortaya çıxarır və uşaq hüquqlarının pozulması deməkdir. Əgər qanunvericilikdə valideynlərə qarşı cəza müəyyən edilməzsə, biz erkən nikahların qarşısının alınmasında konstruktiv tədbirlər görə bilmərik", - şöbə müdiri deyib.

Onun sözlərinə görə, erkən nikaha girən analar və onların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları da geniş yayılıb.

"2008-ci ildə 15-17 yaşlı analar tərəfindən 3633, 2010-cu ildə isə 4103 uşaq doğulub. Bu onu göstərir ki, erkən yaşda olan anaların dünyaya gətirdiyi uşaqların sayı artır. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, 15-17 yaşlı anaların dünyaya gətirdiyi uşaqlar arasında ölüm riski daha yüksəkdir. Həmin anaların özləri ilə bağlı da ölüm riski yüksəkdir. Araşdırmalara görə, dünyada bu yaş həddində olan qızlar arasında ölüm daha çox hamiləlik səbəbindən baş verir", - İbrahimova deyib.

Komitə rəsmisi Azərbaycanda valideynlər tərəfindən erkən nikahlara yol vermənin əsas səbəbi kimi dini, milli adətləri göstərir. Onun fikrincə, valideynlərin məlumatsızlığı, problemi dərindən dərk etməmələri də səbəblər sırasındadır.

İbrahimovanın sözlərinə görə, araşdırmalar göstərir ki, erkən nikahlar zamanı qızların təhsil hüquqları pozulur, onların reproduktiv sağlamlığı ilə bağlı problemlər yaranır.

"Araşdırmalar zamanı məlum olub ki, erkən yaşda ərə gedən qızların 2 faizi təhsilini davam etdirir. Həmçinin məşğulluq sahəsində, təhsilin yuxarı pillələrində qadınların sayı ilə bağlı statistika qadınların sayının kişilərə nisbətdə çox az olduğunu göstərir", - Komitə rəsmisi qeyd edib.

Şöbə müdiri erkən nikah bağlayan ailələrdə qadınlara qarşı zorakılıq faktlarının çox olduğundan da narahatlıq bildirib.

Qeyd olunan problemlərin aradan qaldırılması məqsədilə qanunvericiliyə belə bir dəyişikliyi düzgün hesab edən İbrahimova tezliklə bu sahədə müsbət nəticələrin əldə olunacağına ümidvar olduğunu deyib.

Cinayət Məcəlləsinə qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan 176-1-ci maddə əlavə olunması təklif edilir.

Həmin maddə qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə isə qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb.

Layihə Parlamentin müzakirəsinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti