Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir B.Hacıyev/
Beynəlxalq Otüstü Hokkey Federasiyası (FIH) kişi və qadınlardan ibarət milli komandaların 2011-il üçün reytinq cədvəlini açıqlayıb.
Azərbaycan Otüstü Hokkey Federasiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, oktyabrın 30-da dərc olunan reytinq sıralamasında qadın otüstü hokkeyçilərdən ibarət Azərbaycan yığması planetin 63 ölkəsinin təmsilçiləri arasında 870 xalla 15-ci yeri tutur.
Ötənilki siyahıda milli komandamız 14-cü pillədə qərarlaşmışdı. Geriləməyə səbəb isə qadın otüstü hokkeyçilərimizin bu ilin avqust ayında Almaniyada keçirilən Avropa çempionatındakı uğursuz çıxışı olub. Avropa qitəsində isə yığmamız 700 xalla 23 kollektiv arasında 7-ci yeri tutur. Hər 2 siyahıda Niderlandın qadın otüstü hokkeyçiləri liderdirlər. Maraqlıdır ki, 2011-ci ildə MDB-də ən yüksək göstərici Azərbaycan millisinə məxsusdur. Rusiya, Belarus, Ukrayna və digər hokkey ölkələri Beynəlxalq Federasiyanın yenicə dərc olunan reytinq cədvəlində 20-ci yerdən yuxarı qalxa bilməyiblər.
Kişi otüstü hokkeyçilərdən ibarət milli komandaların yeni reytinq siyahısında həmyerlilərimiz dünyanın 74 hokey dövləti arasında 37-ci yerdədirlər. 2011-ci ilin iyul ayında Azərbaycan yığmasının Avropa çepionatının "Çelenc" yarışlarını lider kimi başa vurmaqla "Trofi" divizionuna keçməsi ötən illə müqayisədə onun 2 pillə irəliləməsinə şərait yaradıb. Avropanın 30 milli komandası arasında isə kişi hokkeyçilərimiz 185 xalla 18-ci yerdədir. Qitənin reytinq sıralamasına Almaniya hokkeyçiləri başçılıq edir. FIH-in cədvəlində isə ən yüksək reytinq Avstraliya millisinə məxsusdur.