Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çərşənbə günü dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə məşğul olacaq 15 ixtisaslaşdırılmış satış məntəqəsinə lisenziya verilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib ki, dini ədəbiyyatın ölkəyə gətirilməsi və yayılması ilə bağlı kifayət qədər ciddi problemlər var idi.
Onun sözlərinə görə, son beş ildə müvafiq dövlət qurumları ilə birgə həyata keçirilmiş kompleks tədbirlər çərçivəsində bu sahədə əsaslı dönüş yaradılıb. Nəticədə ölkəyə qanunsuz idxal olunan dini təyinatlı zərərli ədabiyyatın və əşyalarlın sayı xeyli azalıb və bu sahə nəzarətə götürülüb.
Orucov bildirib ki, bütün bunlarla yanaşı, Dövlət Komitəsində dinşünaslıq ekspertizasının aparılması işi də mütəmadi olaraq təkmilləşdirilir və bu proses artıq kifayət qədər şəffaflaşdırılıb.
"Təkcə bir fakt qeyd edilməlidir ki, bu ilin 11 ayı ərzində 1618 adda kitaba rəy verilib, onlardan 43 adda kitabın idxalının qarşısı alınıb. Bunlardan əlavə, 167 adda dini kitabın əlyazması ekspertizadan keçirilib. Rəyə təqdim olunan kitabların sayında kəskin artım müşahidə olunur. Bunun əsas səbəbi ekspertizadan keçmədən, qeyri-qanuni yollarla dini ədəbiyyatın ölkəyə idxalının və ölkədə çapının çətinləşməsi, bu sahəyə dövlət nəzarətinin daha da gücləndirilməsidir", - komitə sədri deyib.
"Aparılan təhlillərin nəticəsi təsdiqləyir ki, dini təyinatlı mağazalara razılıq verilməsi prosesi yekunlaşdıqdan və razılığı olmayan, daha doğrusu, qanunsuz fəaliyyət göstərən dini mağazalar bağlandıqdan sonra bu sahə, ümumiyyətlə, dini durum daha da sabitləşəcək", - Orucov əlavə edib.