...

Azərbaycanda cəmiyyətin inkişafında mətbuatın rolu müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 8 Dekabr 2011 17:12 (UTC +04:00)
Azərbaycanda cəmiyyətin inkişafında mətbuatın rolu müzakirə olunub (FOTO)
Azərbaycanda cəmiyyətin inkişafında mətbuatın rolu müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 8 dekabr / Trend müxbir M.Əliyev/

Bakıda cümə axşamı Yasamal rayon İcra Hakimiyyətinin və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda konfrans təşkil olunub.

Konfransı giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib ki, Azərbaycan mətbuatının 131 illik dövrü 3 hissəyə bölünür - 1875-1920, 1920-1991, 1991-dən sonrakı dövr. Onun sözlərinə görə, mətbuatın ən məhsuldar dövrü 1991-ci ildə qazanılan müstəqilliklə başladı. "Lakin müstəqillik illərinin əvvəlində mətbuat heç də azad olmayıb, senzura və çoxsaylı əngəllər olub. Senzuranın ləğv olunması ilə mətbuat dinamik inkişaf etməyə başladı", - Mehdiyev deyib.

Onun sözlərinə görə, icra strukturları ilə mətbuat orqanları birgə fəaliyyət nəticəsində yeni uğurlara imza ata bilərlər.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli tədbirdə çıxışında bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində mətbuatın qeydiyyatı üçün böyük çətinliklər mövcud olub. "Ölkədə cəmi 1 mətbəə var idi - "Azərbaycan" mətbəəsi. Qəzetlər növbəli şəkildə nəşr olunmaq məcburiyyətində qalmışdılar", - Səfərli deyib.

O bildirib ki, bu gün qəzet təsis etmək istəyən şəxs sadəcə şəxsiyyət vəsiqəsinin sürətini Ədliyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçə bilər. Səfərli qeyd edib ki, 2012-ci ildə mətbuatın inkişafı üçün 3,8 milyon manat vəsait ayrılacaq.

Konfransda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, ötən əsrdə Azərbaycanın müstəqillik əldə etməsində hər iki halda mətbuatın böyük rolu olub. Onun sözlərinə görə, hazırda Azərbaycandakı inkişaf etmiş cəmiyyətdə Mətbuat Şurası media ilə hakimiyyət arasında yaxınlaşmanı təmin edir. Amaşov, həmçinin ölkədə hazırlanan "Diffamasiya haqqında" qanun layihəsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, sənəd ATƏT-in xətti ilə 50-yə yaxın ekspert tərəfindən hazırlanır.

Xəbər lenti

Xəbər lenti