...

Avropa Şurası Azərbaycanda aparılan məhkəmə islahatlarını yüksək qiymətləndirir

Cəmiyyət Materials 20 Dekabr 2011 21:47 (UTC +04:00)
Bu gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Avropa Şurası Azərbaycanda aparılan məhkəmə islahatlarını yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 20 dekabr / Trend müxbir K.Zərbalıyeva/

Bu gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda Avropa Şurasının müvafiq qurumların Azərbaycanda aparılan məhkəmə islahatları ilə bağlı hesabatları müzakirə edilib.

Qeyd olunub ki, son illər ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə islahatları, o cümlədən hakimliyə namizədlərin seçim prosesi nüfuzlu beynəlxalq təşkilatların da diqqətini cəlb edib.

Belə ki, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ölkəmizdə hakimliyə namizədlərin seçilməsinə maraq göstərərək nüfuzlu ekspert qrupu yaradıb və qrup üzvləri Azərbaycana səfər etməklə hakimliyə namizədlərin seçimini bilavasitə izləyiblər.

Çoxmərhələli seçim prosesini, o cümlədən bütün namizədlərin vahid auditoriyada, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə imtahanlar verməsini, imtahan prosesinin bütün mərhələlərinin internet vasitəsilə canlı yayımlanmasını yüksək dəyərləndirən avropalı ekspertlər, seçim prosedurları ilə bağlı yerli və beynəlxalq təşkilatların nümayəndələri ilə də çoxsaylı görüşlər keçirərək müzakirələr aparmış, milli qanunvericiliyimizi təhlil ediblər.

Məsələ ilə bağlı CEPEJ ekspertləri tərəfindən hazırlanmış əhatəli hesabatda bu sahədə Azərbaycanda formalaşmış instisional qurumların fəaliyyətinin və hakimlərin seçilminin mütərəqqi Avropa standartlarına cavab verdiyi vurğulanmış və proses xüsusi şəffaflığı, obyektivliyi, saflığı ilə fərqləndirilib.


Avropa Şurasının 47 üzv-dövlətlərindən olan nümayəndələrin iştirakı ilə Komissiyanın bu ayın 7-8-də keçirilmiş iclasında Azərbaycanla bağlı hazırlanmış hesabat geniş müzakirə olunub.

Müzakirələrin nəticəsi ilə bağlı məsələ üzrə xüsusi qərar qəbul olunaraq Azərbaycanın müsbət təcrübəsi örnək kimi qiymətləndirilib.

Həmin iclasda həmçinin, ölkəmizdə məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi və yeni infrastrukturun yaradılması, habelə müasir informasiya və kommunikasiya şəbəkəsinin tətbiqi ilə bağlı görülən genişmiqyaslı işlər böyük marağa səbəb olub, bu sahədə qoyulan
sərmayələrə və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanın öncül dövlət olduğu vurğulanıb.

Eyni zamanda hakimlərin tədrisinə və maarifləndirmə işinin aparılmasına, o cümlədən bütün Avropa dövlətləri məhkəmə sistemlərinin fəaliyyətinə dair təhlilləri əks etdirən CEPEJ-in əhatəli hesabatlarının ana dilinə tərcümə edilərək nəşrini təmin edən ilk
dövlət olduğumuz xüsusi təqdir edilib.

Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən Şərq tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsi üzrə hesabatda da ölkəmizdə hakimliyə namizədlərin seçimi proseduru üzrə fəaliyyət metodu müsbət nümunə kimi qiymətləndirilib və digər üzv-dövlətlərə bu təcrübəyə əsaslanmaq tövsiyə edilib.

Məhkəmə-Hüquq Şurasının iclasında ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının tapşırıqlarına əsasən həyata keçirilən mütərəqqi məhkəmə islahatlarının bütün Avropada müsbət təcrübə kimi yayılması ölkəmizin böyük uğuru və müstəqilliyimizin
20-ci ildönümünə layiqli töhfə kimi dəyərləndirilib, həyata keçirilən məhkəmə islahatlarının bundan sonra da intensiv davam edəcəyi vurğulanıb.

İclasda həmçinin, vəzifələrini layiqincə yerninə yetirdiklərinə görə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmiş bir qrup hakimə həmin medallar təntənəli təqdim olunub.

Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov tədbirdə çıxış edərək əsası ümummilli liderimiz tərəfindən qoyulmuş hüquqi islahatların uğurla davam etdirilməsində dövlət başçısına layiqli yardımçı olmaq üçün bütün səylərin səfərbər edilməsinin vacibliyini bildirib, bir qrup hakimin dövlət təltifinə layiq bilinməsinin böyük
etimad olmaqla yanaşı, yüksək məsuliyyət hissi yaratdığını qeyd edib.

Dövlət təltifinə layiq bilinmiş hakimlər çıxış edərək onların fəaliyyətinə verilmiş yüksək qiymətə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə edib, ədalət mühakiməsinin ləyaqətlə həyata keçirilməsi üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini
bildiriblər.

Xəbər lenti

Xəbər lenti