Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu və Mikrobiologiya İnstitutunun alimləri birgə yeni tədqiqatlara başlayır. Geologiya İnstitutunun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, tədqiqatın məqsədi neft-qaz quyuları qazılan zaman istifadə olunan qazma məhlullarının zərərlərini minimuma endirməkdir. Elmdə "şlam" adlanan bu məhlul ətraf mühitə zərərli, insanların səhhəti üçün isə təhlükəli hesab edilir.
Tədqiqat işləri "Sintetik alfa-olefinlərlə və radionuklidlərlə çirklənmiş qazma şlamlarının öyrənilməsi və təmizlənməsi üçün biotexnoloji üsulun işlənilməsi" adlı layihə çərçivəsində görülür.
Ukrayna Elmi-Texnoloji Mərkəzi tərəfindən təşkil olunmuş birillik layihənin rəhbəri Mikrobiologiya İnstitutunun alimi, biologiya elmləri doktoru Nəriman İsmayılov, Geologiya İnstitutu tərəfdən həmrəhbəri isə Çingiz Əliyevdir. Tədqiqatlarda AMEA-nın müxbir üzvləri Əkbər Feyzullayev və Qalib Əfəndiyev də iştirak edir.