Azərbaycan, Bakı, 26 yanvar /Trend/
Millət vəkili Novruz Aslanov kənd sakinləri ilə növbəti görüşünü keçirib.
Deputatın seçki qərargahından Trend-ə verilən məlumatına görə, millət vəkili yanvarın 25-də İsmayıllı rayonunun Balik kəndində olub.
Kənd orta məktəbinin binasında təşkil olunmuş qəbulda rayon icra hakimiyyəti başçısının birinci müavini, bələdiyyə sədri və icra nümayəndəsi də iştirak edib.
80 nəfərə yaxın seçicinin iştirakı ilə keçirilən görüşdə sakinlərin qaldırdığı məsələlərdən biri də kəndə mavi yanacağın verilməsi ilə bağlı olub.
Bu və digər məsələlər barədə millət vəkili dövlət tərəfindən keçirilən müvafiq tədbirlər barədə seçicilərə ətraflı məlumat verib və bu məsələ barədə əlaqədar qurumlara müraciət edəcəyini bildirib.
Məlumat üçün bildirək ki, deputatın yanvar ayında keçirdiyi bu görüş sayca üçüncüdür. Bundan sonra da deputatın iş qrafikinə uyğun olaraq görüşlər ən ucqar kəndlərdə də keçiriləcək.