Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda distant təhsilin təşkili ilə əlaqədar müxtəlif xəstəliklər səbəbindən evdə təhsil alan şagirdlər, onlara dərs deyən müəllimlər, şagirdlərin valideynləri və Təhsil Nazirliyinin əməkdaşları üçün yeni portal yaradılır.
Bu barədə cümə günü Trend-ə layihənin icraçısı "Nobel-T" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Salam Əliyev məlumat verib.
Onun sözlərinə görə, portal Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron Təlimləndirən Sistemlər" layihəsi çərçivəsində hazırlanır.
Yeni portal sayəsində müəllimlər, şagirdlər arasında rəqabət, habelə bu qəbildən olan şagirdlər üçün elektron resurslar mərkəzi yaradılacaq. "Elektron Təlimləndirən Sistemlər" layihəsi haqqında informasiyalar, onun mərhələləri və digər məlumatdaşıyıcı məlumatlar təqdim ediləcək.
Portalın məqsədləri xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün elektron interaktiv təlim materialları ilə bağlı vahid mərkəzləşdirilmiş məlumat bazası yaratmaqdır. Portalda müəllim və şagirdlər tərəfindən hazırlanmış elektron vəsaitlər qiymətləndiriləcək. Bununla da onlar arasında rəqabət yaradılacaq və xüsusi istedada malik olanlar təyin ediləcək.
Portalda bu qəbildən olan uşaqlar üçün vaxtlarını səmərəli keçirmək üçün dərs mövzuları ilə bağlı forumlar, müzakirələr və intellektual oyunlar təşkil olunacaq. Portal vasitəsilə həmin uşaqlar həm də öz sinif və məktəb yoldaşları ilə ünsiyyət yarada biləcəklər. Portalda bu qəbildən olan uşaqların psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün həm valideynlər, həm də müəllimlərlə psixologiya forumları, müzakirələr təşkil olunacaq.
Əliyev bildirib ki, ən yaxşı işlərin qiymətləndirilməsi üçün portalda mütəmadi olaraq müəllim və şagirdlərin interaktiv təlim metodlarına əsaslanan elektron dərs vəsaitləri, hazırladıqları təqdimatlar, əl işləri yerləşdiriləcək.