Azərbaycan, Bakı, 26 mart /Trend/
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış "Yaşıl Enerji Düşərgəsi" davam edir.
IDEA kampaniyasından Trend-ə verilən məlumata görə, gənc ekoloqlar üçün nəzərdə tutulan düşərgə martın 22-25-də Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində davam edib.
Düşərgə IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə təşkil olunub.
Layihənin əsas məqsədi gənc ekoloqların alternativ enerji resursları haqqında məlumatlılıq səviyyəsinin artırılması, gəncləri alternativ enerji mexanizmləri və onların iş prinsipləri ilə daha yaxından tanış etməkdir.
Martın 24-də "Yaşıl Enerji Düşərgəsi"nin iştirakçıları üçün IDEA-nın "Azərbaycan gənclərinin Rio+20 sammitinə səfərbər edilməsi" layihəsinin təqdimatı keçirilib.
Qeyd olunan layihə Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi arasında imzalanmış anlaşma memorandumuna əsasən həyata keçirilir. Layihənin məqsədi BMT-nin Rio+20 sammiti öncəsi Azərbaycan gənclərini sammit və dayanıqlı inkişaf konsepsiyaları barədə məlumatlandırmaq, onların bu prosesdə daha fəal iştirakını təmin etməkdən ibarətdir.
2 saat davam edən görüş zamanı IDEA kampaniyasının nümayəndələri Ramiz Babayev və Rauf Mərdiyev layihə iştirakçılarına dayanaqlı inkişaf, yaşıl iqtisadiyyat, iqlim dəyişikliyi və onunla mübarizə, habelə Azərbycan gənclərinin bu proseslərdə rolu barədə mühazirə deyiblər.
İştirakçılara gündəlik həyat tərzlərində edə biləcəkləri dəyişikliklər vasitəsilə beynəlxalq təcrübəyə əsaslanan enerjiyə qənaət yolları da izah olunub.
Görüş sual-cavab formasında davam etdirilib.