...

"YARAT!" təşkilatı Bakıda Rəşad Ələkbərovun art-layihəsini təqdim edib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2012 20:43 (UTC +04:00)
"YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Respublika İncəsənət Gimnaziyasının qarşısında rəssam Rəşad Ələkbərovun "Yaxın keçmiş" art-layihəsinin təqdimatı olub.
"YARAT!" təşkilatı Bakıda Rəşad Ələkbərovun art-layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Respublika İncəsənət Gimnaziyasının qarşısında rəssam Rəşad Ələkbərovun "Yaxın keçmiş" art-layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, "012 Bakı Public Art Festival" çərçivəsində təşkil edilən tədbirdə tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

"Art-layihə sentyabr ayınadək təqdim ediləcək. Layihəni yalnız sutkanın qaranlıq vaxtlarında seyr etmək mümkün olacaq", - rəssam deyib.

Art-layihə öz-özlüyündə qədim yunan mifologiyasına görə haqq-ədalət ilahəsi olan Femida fiqurunun proyeksiyasını (evlərin birinin divarında) təqdim edir. Əsər hazırda "Yasamal" adlanan rayonda ötən əsrin əvvəllərində baş verən hadisələrlə bağlıdır. Məsələ ondadır ki, həmin vaxtlarda şəhərin bu ərazisinə şəhərin digər rayonlarından olan əhali böyük köç edirdi. Şəhər hakimiyyəti çox vaxt şəhərin mərkəzdən uzaqda yerləşən bir çox rayonlarında qanun və asayişi təmin edə bilmirdi. Lakin buna baxmayaraq, burada qanuna riayət edilirdi... Buna yazılmamış qanun və davranış qaydalarının (cəmiyyətdə oyun qaydaları) hökm sürdüyü əhali qrupu sayəsində nail olunurdu. Yəni "rəsmi qanun"un tətbiq edilməsinin mümkün olmaması və az səmərəli olmasına baxmayaraq, bu rayonların özünün kodeks və ədalət qanunları mövcud idi. Bunun da sayəsində qayda-qanuna əməl edilirdi.

1900-cü ildə istifadəyə verilən Biləcəri-Dərbənd dəmiryol xətti Cənubi Qafqazı Şimali Qafqaz və ölkənin başqa rayonları ilə birləşdirirdi. XX əsrin əvvəllərində Xızı-Bərmək mahalından dəmiryolun keçməsi kənd təsərrüfatının əmtəə-pul münasibətlərinə cəlb olunmasına şərait yaradırdı. Dəmiryol vasitəsilə Xızı-Bərmək mahalının əhalisi Bakıya, Tiflisə, Moskvaya və başqa böyük şəhərlərə gedib gəlirdilər. Elə bu dövrlərdə Bakı neft sənayesinin inkişafı sayəsində iri sənaye mərkəzlərindən birinə, böyük şəhərə çevrildi. Azərbaycan burjuaziyasının ən mühüm mərkəzi şəhəri olan Bakıya dolanışıq dalınca gəlmiş Xızı-Bərmək mahalının sakinləri arasında çox çətinliklə özlərinə yol açan insanlar meydana çıxmışdı.

XX əsrin əvvələrində Xızı-Bərmək mahalından Bakıya köçüb gələnlər Bakının qərbində, onun yuxarı hissəsində, Çəmbərəkənd ilə Həmşəri palanının arasındakı ərazidə böyük sahəni əhatə edən "Dağlı məhəlləsi"ni təşkil edirdilər. Bakıda onlar "dağlı" adı ilə tanınırdılar. Bu insanlara şöhrət gətirən onların nəcib xasiyyətləri idi. Onlar təşkilatsız qardaşlıq cəmiyyətinə bənzəyirdi. Bir-birinin xeyir və şərində yekdilliklə iştirak edir, çətinə düşərkən elliklə bir-birinin harayına çatırdılar. Yazılmış və özlərinin yazılmamış qanunlarına riayət edirdilər.

"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirirlər və onları qədim şəhərin ictimai yerlərində sərgiləyəcəklər. Martın 9-dan başlayaraq layihə 21 həftə müddətində davam edəcək. Layihə çərçivəsində hər cümə günü iştirakçı rəssamlardan biri müəllifə öz əsərlərini yaratmağa ilham verdiyi yerlərdə təqdim edəcək. Öz əsərlərini açıq şəkildə təqdim edən rəssamlar qalereyaların və muzeylərin yaratdığı məkan məhdudiyyətdən azad olmaqla özləri üçün yaradıcılıq sərbəstliyini təmin edir və geniş auditoriyanın diqqətini cəlb edəcəklər.

Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunub: Altay Sadıqzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq, tamaşaçıya sanki bu, rəssamın fərdi sərgisidir kimi hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.

"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanış mərasimində göstəriləcək.

2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti