...

Ekspert: Ermənistandakı AES-in enerji blokunun istismar müddətinin uzadılması qəza baş vermə ehtimalını artırır

Cəmiyyət Materials 19 Aprel 2012 16:05 (UTC +04:00)
Ermənistandakı atom elektrik stansiyasının II enerji blokunun fəaliyyət müddətinin yenidən uzadılması burada qəzanın baş vermə ehtimalını artırır.
Ekspert: Ermənistandakı AES-in enerji blokunun istismar müddətinin uzadılması qəza baş vermə ehtimalını artırır

Azərbaycan, Bakı, 19 aprel / Trend müxbir İ.İsabalayeva/

Ermənistandakı atom elektrik stansiyasının II enerji blokunun fəaliyyət müddətinin yenidən uzadılması burada qəzanın baş vermə ehtimalını artırır. Bunu cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

Qeyd edək ki, AES-in II enerji blokunun 2016-cı il sentyabrın 1-dək fəaliyyət göstərməsi üçün lisenziyası var. Ermənistan hökuməti yeni enerji blokunun tikintisinin ləngidilməsi ilə əlaqədar hazırda fəaliyyətdə olan blokun istismar müddətinin daha 4 il uzadılması qərarına gəlib.

Qəribov isə bildirib ki, Ermənistandakı AES-in II enerji bloku hazırda normal şəraitdə işləyır. Buna baxmayaraq, bu blokda qəza baş verəcəyi təqdirdə onun necə aradan qaldırılacağı məsələsinə baxılmalıdır.

"Bu məsələ nəzərdən keçirilməlidir. Biz də məsələ qaldıraraq demişik ki, bu reaktor normal işləsə də, seysmik zonada olduğu üçün reaktorun seysmik şəraitdə özünü necə aparacağı müəyyənləşməlidir", - İnstitut direktoru əlavə edib.

O qeyd edib ki, Azərbaycanın hökumət rəsmiləri də bu məsələni Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında qaldırıb. Amma hələlik bu məsələyə reaksiya verilmir.

Qəribov qeyd edilən enerji blokunun fəaliyyətinin dayandırılması məsələsində qonşu ölkələrin həmrəy olmasını da vacib sayıb.

Xəbər lenti

Xəbər lenti