Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təkrar və eksternat qaydasında buraxılış imtahanlarında iştirak etmək istəyən şəxslərə və təhsil müəssisələrinə müraciət edib.
Komissiyanın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən və ya buraxılış imtahanında qeyri-kafi qiymət(lər) alan, o cümlədən eksternat qaydasında bu il biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş şəxslərin müvafiq fənn üzrə bilik və bacarıqlara malik olması həmin təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən yoxlanılır və qiymətləndirilir.
Şagirdin Azərbaycan dili fənni üzrə verilmiş mövzuya uyğun müxtəlif xarakterli və formalı mətnlər yazmaq, dinlədiyi fikirlərlə bağlı mühakiməərini əsaslandırmaq, nitqin müxtəlif üslub və tiplərində mətnlər qurmaq, ədəbiyyat fənni üzrə oxuduğu ədəbi nümunələri bədii emosional və obrazlı qavradığını nümayiş etdirmək, ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar yazmaq, ədəbi nümunələri mövzu, janr, problem baxımından müqayisə etmək, əsaslandırılmış rəy bildirmək, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahələri barədə məlumatlara malik olmaq kimi bacarıqları olmalıdır.
Xarici dil fənni üzrə müxtəlif cümlə konstruksiyalarından istifadə etməklə fikirlərini izah etməyi, oxunmuş mətnin planını tərtib etməyi, qısa məzmununu yazmağı, sadə süjetli mətnlər qurmağı bacarmalıdır.
Şagirdin riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika və digər fənlər üzrə də bacarıqları açıqlanıb.
TQDK-dan bildirilib ki, tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan şəxslərin bilik və bacarıqları illik qiyməti qeyri-kafi olan fənn (fənlər) üzrə, buraxılış imtahanında qeyri-kafi qiymət alan şəxslərin bilik və bacarıqları, ana dili və riyaziyyat fənləri istisna olmaqla, imtahanda qeyri-kafi qiymət aldığı fənn (fənlər) üzrə, eksternat qaydasında bu il biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etmək istəyən şəxslərin bilik və bacarıqları attestasiya aparılan bütün fənlər üzrə yoxlanılır.
Xüsusi komissiyanın şəxsin bu il biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etməyə buraxılması haqqında qərarı (komissiyadan aldığı qiymətlər göstərilməklə) mayın 25-dək TQDK-ya təqdim edilməlidir.
Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında yalnız ana dili və (və ya) riyaziyyat fənlərindən qeyri-kafi qiymət alan şəxslərin bilik və bacarıqları yoxlanılmır. Onlar haqqında məlumat həmçinin mayın 25-dək TQDK-ya təqdim edilməlidir.