Azərbaycan, Bakı, 30 iyul /Trend/
Azərbaycanda ötən həftə ərzində ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 73 əcnəbi saxlanılıb.
Dövlət Miqrasiya Xidmətindən bazaar ertəsi Trend-ə verilən məlumata görə, Azərbaycanda miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Xidmət tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilib.
İyulun 23-28-də Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhərində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. Keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 73 əcnəbi aşkar edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.