...

Azərbaycanda ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb

Cəmiyyət Materials 10 Sentyabr 2012 11:50 (UTC +04:00)
Ali məktəblərə tələbə qəbulunda hər il olduğu kimi, 2011/2012-ci tədris ilində də Bakı məktəbləri məzunlarının xüsusi çəkisi artıb.
Azərbaycanda ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ali məktəblərə tələbə qəbulunda hər il olduğu kimi, 2011/2012-ci tədris ilində də Bakı məktəbləri məzunlarının xüsusi çəkisi artıb. Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 2012-ci ildə Azərbaycanın ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 1 nəfər Bakı məzunu maksimum - 700 bal toplayıb. Məzunların 17 min 858 nəfəri (attestat alanların 88,4%-i) ali məktəblərə sənəd verib və onlardan 9256 nəfəri, yəni imtahanlarda iştirak edənlərin 51,83 faizi qəbul olunub. Bu göstərici keçən illə müqayisədə 5, 2006-cı illə müqayisədə 17 faiz artıb.

Rzaquliyeva deyib ki, bu tədris ilində Bakı şəhərində 5 yeni məktəb binası inşa edilib. 32 məktəbdə şagird sıxlığının aradan qaldırılması üçün əlavə korpus tikilərək istifadəyə verilib, 68 məktəbdə əsaslı təmir işləri aparılıb.

İdarə rəisi bildirib ki, keçən dərs ilində IV siniflərdə keçirilən test yoxlamasının 1 il əvvəlki yoxlamanın nəticələri ilə müqayisəsi aparılıb və müəyyən müsbət irəliləyişin olduğu məlum olub.

Şagirdlərə verilən tapşırıqlar həm də müəllimlər tərəfindən yerinə yetirilib. Onların nəticələrində də irəliləyişlər var. Belə ki, 15 suala düzgün cavab verənlərin 38,5-dən 53,2 %-dək artması, 14 suala düzgün cavab verənlərin sayının 23,5-dən 27 %-dək artması da yaxşı nəticə kimi qeyd edilməlidir.

"Ancaq təəssüflə deməliyəm ki, bir sıra müəllimlərimizin biliyinin lazımi səviyyədə olmaması bizi ciddi narahat edir. Biz onlarla xüsusi iş aparırıq, ixtisasartırma kurslarına cəlb etmişik. Keçən tədris ilində 84 müəllim həmin kurslarda iştirak edib. Yeni dərs ilində isə bu kursa 50 müəllimin cəlb olunması nəzərdə tutulub", - Rzaquliyeva qeyd edib.

Xəbər lenti

Xəbər lenti