Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Dəniz Geologiyası və Çöküntü-filiz əmələgəlməsi bölməsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Geologiya İnstitutundan cümə axşamı Trend-ə verilən məlumata görə, sənəddə palçıq vulkanizmi, neft-qazlılıq, petrologiya, geodinamika, hidrogeologiya və digər sahələrdə birgə tədqiqatlar, həmçinin təcrübə mübadiləsi aparmaq nəzərdə tutulur.
Müqavilə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə ilə Ukraynadakı qurumun rəhbəri akademik Yevgeniy Şnyukov tərəfindən imzalanıb.
Müqavilədə 2013-cü ildə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Səfərlər zamanı alimlər qarşı tərəfin elmi nailiyyətləri ilə tanış olacaq və ortaq elmi ekspedisiyalarda iştirak edəcəklər.