Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Gürcüstandakı azərbaycanlıların təhsil problemlərinin həlli üçün Azərbaycan Təhsil Nazirliyi həmin ölkənin müvafiq qurumları ilə bu məsələni müzakirə etməyi nəzərdə tutur.
Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Misir Mərdanov bazar ertəsi jurnalistlərə deyib ki, son vaxtlar Azərbaycan mətbuatında Gürcüstandakı Azərbaycan məktəbləri ilə bağlı ürək açmayan fikirlərlə tanış olub.
"Hər halda mətbuatda yazılır ki, Gürcüstandakı azərbaycanlıların təhsillə bağlı problemləri artmaqdadır. Gürcüstanda yeni hökumət qurulub. Düşünürəm ki, biz yeni qurulmuş hökumətin müvafiq qurumları ilə görüşlər keçirməliyik və işləri öz yoluna qoymayılıq", - nazir bildirib.
Mərdanov əlavə edib ki, Gürcüstandakı azərbaycanlıların təhsillə bağlı problemləri yeni yaranmayıb, bu problemlər həmişə olub. Ona görə də həmin problemləri qısa vaxtda aradan qaldırmaq mümkün deyil.
"Ancaq biz, Azərbaycan hökuməti olaraq, orada yaşayan soydaşlarımızın problemləri ilə yaxından tanış olmalı və Gürcüstan hökuməti ilə razılaşdırılmış şəkildə bu məsələləri yoluna qoymayılıq. Heç kəs hesab etməsin ki, biz orada hər şeyi edə bilərik. Biz müstəqil dövlət olan kimi və heç bir xarici ölkənin daxili siyasətimizə qarışmasına icazə vermədiyimiz kimi, Gürcüstan hökumətinin üzvləri də bizimlə görüşlərində deyirlər ki, burada yaşayan soydaşlar Gürcüstan vətəndaşlarıdır. Ona görə də onların təhsilləri və təhlükəsizliyinə daha çox Gürcüstan cavabdehdir. Biz də əlbəttə, onların dedikləri ilə razılaşmalıyıq", - Mərdanov deyib.