...

Azərbaycan Mətbuat Şurası "reket jurnalistikası" ilə bağlı müəssisələrdə apardığı monitorinqin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 21 Noyabr 2012 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda "reket jurnalistikası" ilə bağlı hallar 4 il əvvəlki monitorinqlərin nəticələri ilə müqayisədə 70 faizə qədər azalıb. Bunu çərşənbə günü Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

"Mətbuat Şurasının təhsil ocaqlarında, tibb müəssisələrində, iri şəhərlərdə və bir sıra şəhər tipli qəsəbələrdə apardığı monitorinqlərin nəticəcələri üç il bundan əvvəlki nəticələrə nisbətən kifayət qədər ürəkaçandır. Artıq reketlik məqsədi ilə müəssisələrə gedən jurnalistlərin sayı kifayət qədər azalıb", - Amaşov bildirib.

Onun sözlərinə görə, Mətbuat Şurasının sonuncu iclasında 6 qəzetin adı qara siyahıya salınıb. Bunlar "Ədalət tribunası", "Təzə xəbər", "Seans", "Əsrin kirpiləri", Həqiqətin güzgüsü" və "Azərbaycan ideyası" qəzetləridir. Bu 6 qəzet son aylar Mətbuat Şurasının diqqətində saxladığı nəşrlər idi ki, bu qəzetlərin monitorinqi aparılıb.

Amaşov deyib ki, bu gün də MŞ-yə bəzi qəzetlərdən şikayətlər daxil olur. Bu şikayətlərlə bağlı yəqin ki, yaxın zamanda müəyyən ölçülər götürüləcək.

Şura sədri qeyd edib ki, bəzi məqamlarda bir şəxsin bir neçə qəzeti olur və hansısa bir nəşri bağlanırsa, həmin şəxs özünün açdığı növbəti qəzeti işə salır. Müəyyən mənada həmin qəzet reketçiliklə məşğul olur.

"Elə adam var ki, onun 5 qəzeti MŞ-nin "qara siyahı"sındadır", - Amaşov əlavə edib.

Qeyd edək ki, Jurnalistlərin Peşə Davranışı Qaydalarını mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqlarına görə 103 nəşr "qara siyahı"ya daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti